Vüqar Rəhimzadə: Bakı strateji dialoq mərkəzi kimi dünyanın diqqətini mühüm qlobal problemlərə yönəldir
17:32 Siyasət2013-cü ildən başlayaraq hər il keçirilən Qlobal Bakı forumlarına ev sahibliyi edən Azərbaycan bununla həm tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən, müxtəlif dinləri və mədəniyyətləri bir arayan gətirən, həm də dünyanı narahat edən problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran, dövrün çağırışlarını yüksək səviyyədə həyata keçirən ölkə olduğunu bir daha təsdiqləyir. Çünki hər il keçirilən forumların mövzularına diqqət yetirdikdə bu məsələlərin həmin dövrün çağırışını özündə əks etdirdiyini aydın şəkildə görürük.
Martın 12-də Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda növbəti- XIII Qlobal Bakı Forumu işə başlayıb. XIII Qlobal Bakı Forumunda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər. Martın 14-dək davam edəcək XIII Qlobal Bakı Forumunda müxtəlif mövzularda panellər təşkil olunur. Panel iclaslarda müzakirə edilən mövzulara diqqət yetirdikdə belə Azərbaycanın iqtisadi və xarici siyasət uğurlarının fonunda onların həlli yolları açıqlanır. Başqa sözlə, xarici siyasətinin əsas prinsiplərindən biri kimi əməkdaşlığa xüsusi önəm verən Azərbaycan ev sahibliyi etdiyi tədbirlərin timsalında çoxtərəfliliyin tərəfdarı olduğunu, qlobal problemlərin həllində birgə addımların atılmasının vacibliyini nümayiş etdirir. 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29-un nəticələri bu gün də müzakirə mövzusu kimi diqqətdədirsə, bu, Azərbaycanın uğurlu və gələcəyə hədəflənən siyasətinin nəticəsidir. Qlobal Bakı Forumu da qlobal problemlərin təhlili, siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm strateji platforma statusunu qazanıb.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında diqqəti bir qlobal forumdan digərinə keçərkən fəaliyyət sahəsinin getdikcə genişləndiyinə yönəldərək təmasların son dərəcə fəal olduğunu bildirdi. Onu da əlavə etdi ki, dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq tədbirdir. Qlobal miqyasda bu Forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların - prezidentlərin, Baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər. Builki Forumun gündəliyi çox genişdir. Prezident İlham Əliyev bu çağırışı səsləndirdi ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik. Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında Azərbaycanın sülh təcrübəsindən geniş bəhs etdi. 30 illik işğal, 44 günlük İkinci Qarabağ və bir günlük lokal antiterror tədbirlərinin həyata keçirildiyi, həmçinin tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı reallıqlar dövrü geniş təhlil edildi. Vurğulandı ki, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdi. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qaldı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq. Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, son onilliklərdə nadir bir təcrübədir. Ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.
Millət vəkili bildirib ki, göründüyü kimi, XIII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayır. Çıxışlarda səsləndirilən fikirlər, panel iclaslarda müzakirə olunan məsələlər beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək. Bakı bir daha strateji dialoq mərkəzi kimi çıxış edərək dünyanın diqqətini mühüm qlobal problemlərə yönəldir. Azərbaycanın sivilizasiyalararası dialoqu dəstəkləməsi, beynəlxalq arenada konstruktiv rolu və qlobal məsələlərin həllində fəal iştirakı bu tədbirin uğurlu nəticələr verməsini şərtləndirir. Dövlət başçısı İlham Əliyevin çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini və bütün kollektivini ölkəmizin bu il ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət edərək bu əminliyi ifadə etdi ki, bir neçə aydan sonra Bakıda sizlərlə görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi davam etdirəcəyik.
Vüqar Rəhimzadə beynəlxalq əməkdaşlıqda əsas rol oynayan amillərdən biri kimi enerji təhlükəsizliyinin təminatından da bəhs edərək, Azərbaycanın bu sahədə artan rolunu xüsusi vurğulayıb. Bildirib ki, XIII Qlobal Bakı Forumunda diqqət göstərilən əsas məsələlərdən biri məhz bu oldu. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin həm iştirakçı, həm də digər ölkələrin dayanıqlı inkişafına geniş imkanlar yaratdığı beynəlxalq səviyyədə etiraf olunan reallıqlardandır. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə töhfələri davamlıdır. Buna əsas verən təbii ki, malik olduğumuz iqtisadi potensialdan səmərəli istifadənin təmin edilməsidir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan "Əsrin müqaviləsi"ndən başlanan yolun uğurlarını sadalamaqla bitməz. Prezident İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin - neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Azərbaycan beynəlxalq bazarda etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.
Millət vəkili Azərbaycanın nəqliyyat imkanlarının genişliyindən də bəhs edib. Bildirib ki, Azərbaycan nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırır. Bu gün ölkəmiz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşdır. Azərbaycan həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkədir. Prezident İlham Əliyev Forumda bu məqamı da vurğuladı ki, Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır. İndi isə biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır. Hazırda Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan müstəqillik tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini - əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.
Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə qeyd edib ki, hər il Qlobal Bakı Forumu mühüm uğurların təqdimatı, onların əsasında yeni çağırışlarla tarixə yazılır. Azərbaycanın hər zaman sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfində olaraq bunu real addımları ilə təsdiqləməsi ev sahibliyi etdiyi bu kimi tədbirlərin davamlılığına böyük inam yaradır. Düşünürük ki, XIII Qlobal Bakı Forumu öz işini bir gündən sonra başa çatdırsa da, gündəmə gətirilən məsələlər, gələcəklə bağlı səsləndirilən çağırışlar növbəti Foruma qədər geniş təhlil ediləcək, birgə səylər əsasında mühüm uğurların əldə olunmasına yol açılacaq.