Qlobal çağırışlar və fikir mübadiləsi: Bakıda mühüm Forum - ÖZƏL

Bakıda, Gülüstan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Bakı Forumu işə başlayıb.
Forumun ikinci günündə "Çin və Qlobal İdarəetmə Təşəbbüsü" mövzusunda panel iclası keçirilib. Müzakirələrə Mladen İvaniç moderatorluq edib, məruzəçilər arasında iqtisadiyyat naziri Mikayıl Cabbarov və Romano Prodi də yer alıblar.
Forumda keçid dövründə qlobal çağırışlar, təhlükəsizlik məsələləri və dünya ölkələri arasında fikir ayrılıqlarının aradan qaldırılması müzakirə olunur.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" XIII Qlobal Bakı Forumu müasir beynəlxalq münasibətlər sistemində dialoq, əməkdaşlıq və qlobal problemlərin müzakirəsi üçün mühüm platformalardan biri hesab olunur. Dünyanın müxtəlif ölkələrindən siyasi liderlərin, diplomatların, ekspertlərin və beynəlxalq təşkilat nümayəndələrinin bu tədbirə qatılması onun yalnız regional deyil, həm də beynəlxalq miqyaslı siyasi və intellektual müzakirə platforması kimi çıxış etdiyini göstərir.
Forumun qlobal siyasi gərginliyin artdığı bir dövrdə keçirilməsi də onun əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə müxtəlif ölkələrin nümayəndələrinin Bakıda bir araya gələrək qlobal problemləri müzakirə etməsi Azərbaycanın beynəlxalq dialoq üçün mühüm məkanlardan birinə çevrildiyini göstərir.
Forum çərçivəsində nəqliyyat və logistika məsələlərinə də xüsusi diqqət yetirilməsi diqqət çəkir. Qeyd olunur ki, Azərbaycan son illər nəqliyyat infrastrukturu və tranzit layihələrinə böyük investisiyalar yatırıb və artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilib. Bu isə ölkənin regionda mühüm tranzit və logistika mərkəzi kimi mövqeyini gücləndirir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31