Geopolitik zəncirin əsas halqası: Azərbaycanın Rusiya və İran arasındakı strateji missiyası – ÖZƏL

Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi humanitar yardımı İrana Azərbaycan vasitəsilə çatdıracaq. Bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumatında bildirilib ki,  Azərbaycana dərman preparatlarının çatdırılması nazirlik tərəfindən həyata keçiriləcək. Daha sonra isə onlar İran hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil veriləcək. 

Bu addım Rusiya-İran və Azərbaycan münasibətlərinə hansı siqnalları göndərir? Bu humanitar əməliyyatın geopolitik mesajları nələrdir və qonşu ölkələr üçün hansı əhəmiyyəti var? 

"Azərbaycan tarixən Rusiya ilə İran arasında kommunikasiya xəttinin təmin olunduğu əsas marşrutlardan biri olub. Bu, ölkəmizin coğrafi üstünlüyü ilə bağlıdır. Bu gün də vəziyyət müəyyən mənada eyni qalır. Yəni Rusiya İrana hansısa yük və ya yardım göndərirsə, bunun əsas marşrutlarından biri Azərbaycan ərazisindən keçir. Rusiyanın faktiki olaraq alternativ yolları çox deyil, ya Xəzər dənizi vasitəsilə, ya da Azərbaycan üzərindən bu əlaqəni təmin edə bilər".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu məsələyə yalnız siyasi və ya iqtisadi aspektdən deyil, həm də geosiyasi və coğrafi reallıqlar baxımından yanaşmaq lazımdır. Əslində burada əsas amil coğrafiyadır. Rusiyanın İrana humanitar yardım göndərməsi və bunun Azərbaycan üzərindən həyata keçirilməsi müəyyən mənada Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətlərində daha müsbət atmosferin yaranmasına da təsir edir. Çünki yardım edən tərəfə logistika dəstəyi vermək, müəyyən mənada həmin humanitar prosesdə iştirak etmək deməkdir. Digər tərəfdən aydın görünür ki, həm Rusiya, həm də İran Azərbaycanla münasibətlərin vacibliyini yaxşı anlayırlar. Onlar başa düşürlər ki, Azərbaycanla münasibətlər normal olmasa, qarşılıqlı əlaqələrdə və regiondakı proseslərdə müəyyən çətinliklər yarana bilər. Xüsusilə nəzərə alsaq ki, hazırda İran ABŞ və İsraillə qarşıdurma vəziyyətindədir və dünyada çox az sayda dövlət açıq şəkildə İranı dəstəkləyir. Bu ölkələr arasında əsasən Çin və Rusiya göstərilir. Belə bir şəraitdə Azərbaycanın bu zəncirin bir halqası kimi çıxış etməsi və humanitar yardım prosesində tranzit rol oynaması İran üçün də müəyyən üstünlüklər yaradır. Eyni zamanda bu addım Azərbaycanla İran arasında, eləcə də Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qorunmasına və münasibətlərin isti səviyyədə davam etməsinə müsbət təsir göstərir. Ola bilsin ki, görünməyən tərəflərdə Rusiya-İran münasibətləri çərçivəsində Azərbaycana yönəlik müəyyən təkliflər və ya siyasi siqnallar da mövcuddur. Amma burada əsas faktor yenə də coğrafi reallıqdır. Yəni Rusiya İrana dəstək göndərmək istədikdə Azərbaycan üzərindən keçə bilir və hazırda Azərbaycan da bu prosesdə öz rolunu normal şəkildə yerinə yetirir.

"Bu vəziyyət Azərbaycan üçün də müəyyən üstünlüklər yaradır. Çünki regionda gərginlik fonunda İranın Azərbaycana qarşı sərt addımlar atması ehtimalı azalır. Əvvəllər baş vermiş kimi dronların sərhədi keçməsi kimi hadisələrin də təkrarlanmaması barədə tərəflər daha ehtiyatlı davranmağa çalışa bilər. Azərbaycanın bu prosesdə tranzit və müəyyən mənada vasitəçi rolunda çıxış etməsi ölkənin regional əhəmiyyətini və geosiyasi statusunu daha da artırır. Rusiyanın humanitar yardımlarının Azərbaycan üzərindən İrana çatdırılması da bu rolu bir daha göstərmiş olur", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31