Azərbaycanla Avropa arasında münasibətlər artıq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub - ÖZƏL

"Bakıda baş tutan yüksək səviyyəli görüşlər bir daha göstərdi ki, Azərbaycanla Avropa arasında münasibətlər artıq sadə diplomatik əlaqələr çərçivəsindən çıxaraq genişmiqyaslı strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Antonio Koşta arasında keçirilən görüş və səsləndirilən bəyanatlar təkcə iki tərəf arasında münasibətlərin hazırkı vəziyyətini deyil, həm də gələcək istiqamətlərini aydın şəkildə ortaya qoydu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü, Filologiya elmləri doktoru Elnarə Akimova deyib: "Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq bu gün müxtəlif səviyyələrdə fəal mərhələyə daxil olub. Son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi, siyasi dialoqun dərinləşməsi və iqtisadi əlaqələrin genişlənməsi tərəflər arasında formalaşan etimadın bariz göstəricisidir. Xüsusilə ticarət göstəriciləri bu dinamikanın real iqtisadi təzahürüdür. Cari ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən yarısının Avropa İttifaqı ilə bağlı olması Aİ-nin ölkəmiz üçün əsas ticarət tərəfdaşı statusunu bir daha təsdiqləyir. Bu fakt yalnız statistik göstərici deyil, həm də Azərbaycan iqtisadiyyatının Avropa bazarı ilə sıx inteqrasiyasının göstəricisidir.

Bu tərəfdaşlığın ən mühüm sütunlarından biri enerji əməkdaşlığıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol son illərdə daha da artıb. 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq sənədi bu istiqamətdə yeni mərhələnin başlanğıcı oldu. Həmin vaxtdan etibarən Azərbaycan qazının Avropaya ixracı həm həcminə, həm də coğrafiyasına görə genişlənib. Bu gün Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır və ümumilikdə 16 ölkə Azərbaycan qazı ilə təmin olunur. Bu göstərici ölkəmizi boru kəmərləri vasitəsilə qaz təchizatı sahəsində dünyada aparıcı mövqeyə çıxaran amillərdən biridir.

Enerji əməkdaşlığının genişlənməsi yalnız mövcud ehtiyatların ixracı ilə məhdudlaşmır. Azərbaycan yaxın illərdə qaz hasilatını daha da artırmağı planlaşdırır. Yeni yataqların istismara verilməsi nəticəsində növbəti iki-üç il ərzində mövcud həcmə əlavə olaraq ən azı 10 milyard kubmetr qaz hasilatı gözlənilir. Bu isə həm Avropa bazarının enerji ehtiyaclarının qarşılanmasına, həm də Azərbaycanın enerji ixracatçısı kimi mövqeyinin daha da güclənməsinə imkan yaradacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31