İqlim dəyişikliyi ilə bağlı müzakirələr barədə yenidən düşünmək lazımdır - COP24 prezidenti
14:35 Siyasətİqlim dəyişikliyi ilə bağlı müzakirələr barədə yenidən düşünmək lazımdır.
Olaylar.az xəbər verir ki, bunu Polşanın keçmiş Ətraf mühit naziri müavini Mixal Kurtıka bu gün "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Danışıqlardan kənarda: COP-un dayanıqlılığı uğrunda mübarizə" adlı panel iclasında bildirib.
Onun sözlərinə görə, 1992-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində Tərəflər Konfransı təsis olunarkən, bəşəriyyət ənənəvi ekzistensial təhdidlərin yükü olmadan öz gələcəyini planlaşdıra bilirdi.
"Bu gün vəziyyət tamamilə fərqlidir. COVID var, xəstəliklər var, müharibələr - təkcə biri yox, bir sıra münaqişələr mövcuddur, aclıq və enerji təhlükəsizliyi ilə bağlı təhdidlər var. İnsanlığın ənənəvi problemlərinin bütün elementləri yenidən aktuallaşıb. İqlim dəyişikliyi ilə bağlı müzakirələrə yenidən baxmalı və onları daha bütöv etməliyik, müasir çağırışları da daxil etməliyik. Əks halda, getdikcə daha az effektiv olmaq riski ilə üzləşirik", - Kurtıka bildirib.
O vurğulayıb ki, yanaşma tam şəkildə yenidən nəzərdən keçirilməlidir: artıq insanların aclıq çəkməsinə baxmayaraq emissiyaların azaldılması hədəflərinə riayət etməli olduqlarını demək və ya neft və qaz hasilatının dayandırılması şərti ilə onların təhlükəsiz olmayan şəraitdə yaşamasını qəbul etmək olmaz.