Azərbaycan Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edir- ÖZƏL
11:18 Siyasət"Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf etməkdədir. Ötən illər ərzində qarşılıqlı əlaqələrin inkişafı istiqamətində vacib addımlar atılıb. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə rəsmi səfəri də məhz bu kontekstdə dəyərləndirilməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivləri nöqteyi-nəzərindən önəmli dividentlər vəd edir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Avropa İttifaqının bir sıra üzvləri ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb".
Millət vəkilinin sözlərinə görə, bütün bunlar ölkəmizin yeni şəraitdə Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərində önəmli məqamlardır: "Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi kimi, Aİ Şurası Prezidentinin Azərbaycana səfəri indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Dövlətimizin başçısı tərəfdaşlığımızın mühüm hissəsinin hər zaman enerji əməkdaşlığı olduğunu söyləyərək vurğulayıb: "Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır".