Tehranın yeni strategiyası: ABŞ-nin regiondakı təsir imkanları necə zəiflədilir? – ÖZƏL

"İran-ABŞ müharibəsinin miqyası artıq genişlənir. Demək olar ki, bu münaqişə artıq İran da daxil olmaqla təxminən 10-12 dövlətin ərazisində hiss olunur və müxtəlif formalarda özünü göstərir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, əgər onları sadalasaq, görərik ki, Bəhreyn, Qətər, İordaniya, Oman, Birləşmiş Ərəb Əmirlikləri və digər Körfəz ölkələrində də vəziyyət gərginləşib. Yəni artıq müharibənin təsiri 10-12 ölkədə hiss olunur və proses genişlənməkdə davam edir. İran əvvəldən də xəbərdarlıq etmişdi ki, əvvəlki 12 günlük gərginlikdən fərqli olaraq, bu dəfə ABŞ-nin harada hərbi bazaları varsa, həmin ölkələrdə də hədəflər olacaq. Bu isə faktiki olaraq müharibənin genişlənməsi deməkdir və görünür ki, İran bu istiqamətdə addımlar atmağa çalışır. Digər tərəfdən, bir neçə dəqiqə əvvəl İranın ali dini lideri ilə bağlı yeni bir müraciət də yayıldı. Həmin müraciətdə bir neçə mühüm məqam qeyd olunur. Birincisi, orada Körfəz bölgəsi ilə bağlı çağırışlar var və SEPAH-ın strategiyasına dəstək ifadə olunur. İkincisi, vurğulanır ki, qonşu dövlətlərin ərazisində yerləşən ABŞ hərbi bazaları həmin dövlətlərin özləri tərəfindən bağlanmalıdır. Əks halda bu bazalar hədəf olaraq qalacaq. Üçüncü mesaj isə ondan ibarətdir ki, İran tərəfi qisasını sona qədər alacağını bildirir. Yəni artıq hər iki tərəfdən açıq mesajlar verilir. ABŞ tərəfi də, xüsusilə Donald Trampın bəyanatları vasitəsilə öz mesajlarını çatdırır, İran isə dini liderin adı ilə birbaşa müraciət edir.

"Bu mesajların mahiyyəti ondan ibarətdir ki, İran əvvəlcə daha çox Fars körfəzi ölkələrində yerləşən hədəflərə zərbələr endirməklə həmin dövlətlərin daxilində narazılıq yaratmağa çalışır. Məqsəd odur ki, həm cəmiyyətlərdə, həm də siyasi rəhbərlikdə belə bir fikir formalaşsın: ABŞ onların təhlükəsizliyini tam təmin edə bilmir. Başqa sözlə, İran bu addımlarla regionda ABŞ-nin təsir imkanlarını zəiflətmək istəyir və dini liderin çağırışı da məhz bu mesajı gücləndirməyə xidmət edir. Yəni belə bir fikir irəli sürülür ki, ABŞ bazaları həmin ölkələrdən çıxarılmalıdır. Eyni zamanda Donald Tramp da öz sosial şəbəkə səhifəsində yazaraq bildirib ki, ABŞ bu prosesdə geri çəkilməyəcək və İranın məqsədlərinə çatmasına imkan verilməyəcək. Beləliklə, hər iki tərəfdən qarşılıqlı və sərt mesajlar səslənir. Təəssüf ki, bu vəziyyətin nəticələrini bütün dünya hiss edir. Dünya iqtisadiyyatı zərər görür, enerji və logistika sahəsində ciddi problemlər yaranır. Ən ağrılı tərəfi isə odur ki, münaqişələr nəticəsində insanlar həyatını itirir. Bu isə çox təəssüf doğuran bir vəziyyətdir", - deyə siyasi ekspert qeyd edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31