Türkiyə-Azərbaycan-İran xəttində gərginlik: müharibəyə sürükləyən gizli plan?- ÖZƏL
18:26 SiyasətAzərbaycan və Türkiyə prezidentləri İran prezidenti Məsud Pezeşkianla telefonla danışırlar, ölənlərə başsağlığı verirlər, seçilən yeni dini lideri təbrik edirlər. Bütün bunlardan bir-iki saat sonra isə İran ərazisindən qonşu ölkələrə yenə dron atılır. Söhbət bu danışıqlardan sonra İranın Türkiyəyə atdığı raketdən gedir. Azərbaycan və Türkiyə müharibənin əleyhinədirlər, danışıqlara üstünlük verir və İranın ərazi bütövlüyünü dəstəkləyirlər.
Görünən odur ki, hansısa qüvvələr İranı Azərbaycanla və Türkiyə ilə müharibəyə, toqquşmaya çəkmək istəyir. Maraqlıdır, Türkiyə və Azərbaycanı İranla müharibəyə çəkməkdə hansı beynəlxalq qüvvələr maraqlı ola bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" İranda mürəkkəb hakimiyyət strukturu müharibə səbəbi ilə də daha mürəkkəb şəkil alıb. Sivil xalqı təmsil edən prezident institutu ilə ali ruhanilər təbəqəsini təmsil edən dini hakimiyyət arasında ikibaşlı qərarlara səbəb olan vəziyyət yaranıb. Əsasən silahlı qüvvələrin bağlı olduğu dini hakimiyyətin qərarları radikal və mühafizəkardır. Prezident isə müəyyən qədər yumşaq və islahatçı qanadı təmsil edir. Türkiyə və Azərbaycana, həmçinin körfəz ölkələrinə hücumun arxasında da şübhəsiz ki, mühafizəkar qanadın liderləri durur. İsrail, ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat orqanlarının düşərgəsinə çevrilən İranda hakim dairələrin bu cür hücumlara qərar verməsində görünür kənar təsirlərin də rolu var. Ötən müharibədə İsrailin hətta İran daxilində dron istehsal edən şəbəkələri də ortaya çıxmışdı. Həmas liderinin İranda qətlə yetirilməsi kimi halların da onlarla bağlı olduğu deyilirdi. Son hadisələr göstərir ki, ABŞ və İsrail müharibəni günişləndirmək, əsasən Türkiyə ilə İranı qarşılaşdırmaq istəyir. Eyni zamanda körfəz ölkələri də təhrik olunur. İranın eyni zamanda özünə qarşı çoxlu hərbi cəbhə açmaq istəməsi ağılabatan deyil. İki dövlətlə müharibə aparan İran Türkiyə, Azərbaycan və digər körfəz ölkələrini yalnız o halda savaşa cəlb etmək istəyər ki, beynəlxalq aləmi hərəkətə keçirmək üçün regional maraqlara zərbə vurmaqla, iqtisadi layihələrə xələl gətirsin. Müharibəyə daha çox tərəfin cəlb edilməsi ilə Çin və Rusiyanı da öz tərəfindən müharibəyə cəlb edə bilsin. Ancaq bu bir versiyadır. ABŞ və İsrailin isə Türkiyəni, körfəz ölkələrini müharibəyə cəlb etmək istəməsi daha inandırıcıdır. Özü savaşmaqdansa savaşdırmaq onlar üçün daha sərfəlidir. İsrail əslində Türkiyəni Yaxın Şərqdəki maraqlarına və planlarına maneə kimi görür. Ona görə fürsət düşmüşkən Türkiyəni də İranla savaşdırmağı bir daşla iki quş vurmaq kimi xarakterizə edə bilər. Bir versiya da budur ki, İran və ABŞ - İsrail cütlüyü əslində eyni hədəfə vururlar. Çünki körfəz ölkələrini qorxu altında saxlayıb silah satmaq və özündən asılı saxlamağa davam etmək üçün İran təhlükəsi və real hücumlar vacibdir. Onsuz da ABŞ İranın vurduğu bütün bazaları əvvəlcədən boşaltmışdı. Nəticə odur ki, İsrail və ABŞ xalqın etirazı ilə laxlamaqda olan İran rejimini səfərbər etdi. Ali dini lideri Ramazan ayında qətlə yetirməklə ona şəhid statusu verib müsəlman aləmində təsir qoydu və xalqı da hakimiyyət ətrafında sıx birləşdirə bildi. Əslində bu addımlarla xalq tərəfindən silkələnməkdə olan rejimi daha da gücləndirdi. Fiziki cəhətdən fiqurların aradan götürülməsi rejimi dəyişmədi. Əksinə həmin şəxslərin yerinə daha radikal və mühafizəkar şəxslər təyin olundu. Demək İsrail və ABŞ-ın İranla davası əslində İranı başqaları ilə savaşdırmaq üstündədir. Vaxtilə 8 il İraqla savaşdırıb milyardlarla dollar dəyərində silah satmışdılar, həm də İraqı İranın əli ilə Fələstin uğrunda mübarizədən məhrum etmişdilər. İndi də məlumdur ki, İranı daxildəki agentura şəbəkəsi ilə idarə edirlər və hücumların istiqaməti göstərir ki, bir çox raketlər deyəsən elə həqiqətən məqsədli şəkildə təxribat xarakterli atılır. İran Türkiyənin və Azərbaycanın savaşa çəkilməsi ilə Zəngəzur dəhlizinə təhlükə yaradaraq ABŞ-ın bölgədəki maraqlarına qarşı cəhd də edə bilər. Hər halda Türkiyə və Azərbaycanın təmkinli davranması bir çox mənfur planları zamanla üzə çıxarıb gizli planları faş edəcək".
Zeynəb Mustafazadə