"Regionda eskalasiyanın qarşısını yalnız kollektiv təhlükəsizlik sistemi ala bilər”-Politoloqdan açıqlama- ÖZƏL
17:21 Siyasət" İran Silahlı Qüvvələrinin Baş Qərargahının təmsilçisi Əbülfəzl Şikarçinin körfəzin ərəb ölkələrinin hərbi komandanlığına ünvanlanmış müraciəti başlanmış olan müharibə şəraitində regionun təhlükəsizliyini qorumaq, eskalasiyanın genişlənərək bütün regionu əhatə etməsinin qarşısını almaq istəyindən irəli gəlir." Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Elşən Manafov deyib:"Rəsmi Tehran ABŞ-ın öz hərbi bazalarını qorumaq məqsədilə yerli əhalidən canlı sədd kimi istifadə etmək niyyətində olduğunu bildirir. Buna yol verməmək üçün Şikarçi ABŞ hərbçilərinin sığınacaq yerləri barədə məlumatların açıqlanmasını körfəzin ərəb ölkələrinin rəhbərlərindən xahiş edib. Bununla bağlı İran prezidenti Məsud Pezeşkianın yayımlanan açıqlamasında İranın körfəz ölkələrinə zərbələr endirmək, onlara təcavüz etmək niyyətinin olmadığı bildirilib. İran ABŞ tərəfindən başlanmış olan təcavüzlə əlaqədar özünü müdafiə hüququnun olduğunu bəyan edir və onun ABŞ-ın körfəz ölkələrinin ərazisində olan hərbi bazaları hədəfə alması da, bununla əlaqədardırdır. Maraqlıdır ki, İran körfəzinin ərəb dövlətləri regionu müharibə girdabına sürüklədiyi üçün ABŞ-ı qınamır, əksinə rəsmi Tehrandan onun ərazilərinə zərbələrin endirilməsinin dayandırılmasını tələb edirlər. Belə bir mövqe isə müharibənin dayandırılmasına deyil, əksinə onun daha da, genişlənməsinə şərait yarada biləcək amil kimi dəyərləndirilməlidir. Zira ABŞ hərbi bazalarının öz ərazilərində yerləşdirilməsinə razılıq verməklə, bölgənin müharibə girdabına sürüklənməsinə dolayısı yolla olsa da, məhz körfəzin ərəb dövlətləri səbəb olublar. Hadisələrin axarı göstərir ki, onlar bununla öz təhlükəsizliklərini təmin edə bilməyiblər. İranın körfəz dövlətlərinin enerji strukturuna vurduğu zərbələrin qarşısını almaq üçün əslində ABŞ heç bir tədbir görmür, onun başlıca qayğısı müttəfiqi İsrailin təhlükəsizliyini təmin etməkdir.
İran isə körfəz ölkələrinə regionun təhlükəsizliyi üçün ABŞ-ın vəd etdiyi təhlükəsizlik çətiri altına girməyi deyil, kollektiv təhlükəsizlik sisteminin işdə formalaşmasına xidmət edə biləcək əməli tədbirlərin görülməsini təklif edir. Rusiya da eyni mövqedədir.
Martın 5-də Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Moskvada körfəzin ərəb dövlətlərinin Rusiyadakı səfirləri ilə görüşündə Moskvanın mövqeyini səfirlərin nəzər diqqətinə çatdıraraq onlara başlanmış müharibə ilə bağlı birtərəfli mövqe sərgiləyib. İranı ittiham etmələrinin düzgün olmadığını bildirmiş, ABŞ və İsrail təcavüzünün də, qınanmasının vacib olduğunu bildirməklə körfəz ölkələrini eskalasiyanın dərinləşməsinə yol verməmək üçün ABŞ hərbi bazalarını öz ərazilərindən çıxarmağa və regionun təhlükəsizliyinə təminat verə biləcək kollektiv təhlükəsizlik sisteminin qurulmasına dəvət etmişdir. Maraqlı burasıdır ki, Rusiya Federasiyasının BMT TŞ-dakı daimi nümayəndəsi Nebenzya da, eyni təkliflə çıxış etmiş, lakin Qərb dövlətlərinin müdaxiləsi ucbatından məlum qətnamə qəbul edilməmişdir. Hazırda, regionda və xüsusilə Hörmüz boğazında vəziyyət gərgin olaraq qalır. Hörmüz boğazına nəzarəti İran büsbütün ələ keçirib, boğazdan keçən neft tankerlərini hədəfə alır, onları yandırır və məhv edir, bu isə Qərbdə enerji böhranını dərinləşdirir, yanacağa olan qiymətləri kəskin şəkildə artırır.
Müharibənin yalnız ilk iki günündə hərbi əməliyyatlar ABŞ-a 5,6 milyard zərər vurmuşdur, İranın Bəhreyndə məhv etdiyi zavod gününə 127 min barrel neft istehsal edirdi, üstəlik körfəz dövlətlərinin içməli su ehtiyatları çox məhduddur. Bu ölkələr dəniz suyunun duzsuzlaşdırılması hesabına içməli su ehtiyatlarını bərpa edirlər, onları duzsuzlaşdırmaq üçün işlədilən məlum qurğuların qiyməti isə 2 milyard dollar civarındadır. İranın həmin qurğulara dron deyil, raket zərbələri endirəcəyi təqdirdə bu qurğular təmamilə yararsız hala gələ bilərlər, bu faktlar, üstəlik İranın Hörmüz boğazını bağlayacağı təqdirdə neftin nəqli imkanlarının məhdudlaşdırılması körfəz dövlətlərinin sabitliyinin nə qədər kövrək olmasının göstəricisidir.
Bəlli təhlükələr isə region dövlətlərindən bölgədə eskalasiyanın genişlənməsinə yol verməmək üçün kollektiv təhlükəsizlik sisteminin qurulması istiqamətində durmadan addımların atılmasını vacib edir. Bunda maraqlı olmayan isə ilk növbədə Netanyahu hökumətidir. İranın yaşayış massivlərinə, habelə yanacaq zavodlarına zərbələr endirməklə İsrail ABŞ-ın müharibədə qalmasına və müharibənin uzanmasına çalışır".
Zeynəb Mustafazadə