Vüqar Rəhimzadə: Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələ

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri  beynəlxalq  təşkilatlarla, həmçinin onlara üzv olan dövlətlərlə əlaqələrin qurulması, yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Bu gün Azərbaycan-Avropa ittifaqı (Aİ) münasibətlərinin fonunda bu reallığın  şahidiyik.  Aİ ilə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında qurulan münasibətlər martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfərində özünün bir daha aydın ifadəsini tapdı. 

Qeyd edək ki, Azərbaycan  1996-cı ildən Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa Qonşuluq Siyasəti və nəhayət, 2009-cu ildən "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlıq edir. Quruma üzv ölkələrin üçdəbir hissəsi ilə  Azərbaycan strateji  tərəfdaşlığı haqqında bəyannamələr  imzalanıb.  Bu, o deməkdir ki, ölkəmiz Aİ ölkələrinin üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı yaradıb. Azərbaycan Aİ ilə müxtəlif sahələr üzrə  geniş əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirən dövlət kimi nüfuz qazanıb. Bu gün Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. "Əsrin müqaviləsi"ndən sonra  davam etdirilən  layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan aktorlardan birinə çevirməklə ölkəmizin dünyadakı nüfuzunun və əhəmiyyətinin artmasına imkanlar  yaradır. 

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə təkbətək və geniş tərkibdə görüşlərində Azərbaycanla Aİ arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı, etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olundu. 10 Avropa ölkəsinə qazın ixrac edilməsi bunun tərkib hissəsi kimi qiymətləndirildi. Həmçinin nəqliyyat, logistika və bağlantılar üzrə müzakirələr aparıldı, bu məsələlərdə Azərbaycanın regionda mühüm rol oynadığı, Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP layihəsinin önəmi vurğulandı. Bu layihənin davamı olan Naxçıvan dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakına diqqət yönəldildi. Söhbət əsnasında Azərbaycan ilə Avropa İttifaqı arasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Vüqar Rəhimzadə vurğulayıb ki,  dövlət başçısı İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın mətbuata bəyanatları münasibətlərin dünəninə və bugününə baxış əsasında qarşıdakı dövrün  hədəflərinin təqdimatı kimi dəyərləndirilir. Prezident İlham Əliyev səfərin hazırkı dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da yüksəlməsində mühüm rol oynayacağına əminliyini ifadə etdi. İqtisadi göstəricilərə diqqəti yönəldən Prezident İlham Əliyev əlavə etdi ki,  bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Hazırda Azərbaycan Avropada fəal şəkildə sərmayə yatırır.  Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq.

Millət vəkili 2022-ci ilin iyulunda imzalanan  Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna diqqəti yönəldərək bildirib ki, həmin vaxtdan etibarən ölkəmiz  həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracını  artırıb.  Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə Azərbaycan  dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkədir. Bu rəqəm Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrin  miqyası barədə aydın təsəvvür yaradır. Prezident İlham Əliyev mətbuata bəyanatında  vurğuladı ki, Azərbaycan  üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir. Ölkəmiz bu il qaz hasilatını artırmağı planlaşdırır. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq. Bu gündən etibarən növbəti iki və ya üç il ərzində, - əgər hər şey cədvələ uyğun gedərsə,  bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq.

Vüqar Rəhimzadə  vurğulayıb ki, hazırkı dövrün əsas çağırışlarından biri yaşıl enerjiyə keçiddir. Azərbaycanın malik olduğu bərpaolunan enerji potensialı  dünya dövlətləri ilə əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır. Ölkəmiz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırır.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Hazırda  Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq.

Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bu gün və gələcək üçün bir növ yol xəritəsidir. Digər mühüm məsələ isə Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq,  potensialımız arasında şəbəkənin qurulmasıdır. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqama xüsusi diqqət yönəltdi ki, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması  nikbinliyimizi artırır. Avropa İttifaqı Şurasının Prezidenti  Antonio Koşta "Daşımalar bizim əməkdaşlığımızın başqa bir mühüm sahəsidir" söyləyərək vurğuladı ki,  Orta Dəhlizin inkişafı yeni nəqliyyat bağlantıları üçün strateji fürsətdir. Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin tamamlanması bu mənada böyük əhəmiyyət kəsb edəcək. Avropa ilə Asiya arasında ticarət dayanıqlılığını gücləndirməklə  iş yerləri yarada, artımı stimullaşdıra və iqtisadiyyatlarımızı birlikdə gücləndirə bilərik. Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin elə bir görüşü, çıxışı yoxdur ki, diqqəti ötən ilin  avqustunda ABŞ-a işgüzar səfəri zamanı əldə olunan tarixi sülh razılaşmasına, onun uğurlu nəticələrinə  yönəltməsin. Bu baxımdan dövlət başçısının Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə birgə mətbuata bəyanatı da diqqətdə oldu. Cəmi yeddi aydır sülh şəraitində yaşadığımızı bildirən Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, Ermənistanla sülh daimi olacaq. Biz, həmçinin ticarətə başlamışıq. Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir. Çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Sülhdən yaxşı heç nə ola bilməz. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bəyanatında bildirdi ki, bugünkü görüş bizim xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir. Təhlükəsizlik və insan haqları da daxil olmaqla, mövcud dialoq mexanizmlərindən tam şəkildə istifadə etmək məqsədilə hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik. Bu, bizim gələcəyə birgə baxışımıza dair güclü siqnal verir.

Vüqar Rəhimzadə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin əlaqələrin inkişafında, yeni əməkdaşlıq formatlarının yaradılmasında əhəmiyyətli rolundan da bəhs edib. Bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ənənəvi toplantıları bu baxımdan xüsusi əhəmiyyət kəsb  edir. Dövlət başçısı İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüşlərdə, onların mətbuata bəyanatlarında bu toplantıların əhəmiyyətinə xüsusi diqqət yönəldildi. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə töhfələri hər zaman yüksək dəyərləndirilir. Antonio Koşta mətbuata bəyanatında Azərbaycanın  2028-ci ildə   Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyini də xüsusi vurğulayaraq bidirdi ki, bu tədbiri  səbirsizliklə gözləyirik. Qurumun məqsədinin  Avropada təhlükəsizliyi, sabitliyi və əməkdaşlığı gücləndirmək olduğunu nəzərə alsaq Azərbaycanın Zirvə Görüşünə ev sahibliyinin  uğurlu nəticələri barədə öncədən aydın mənzərəni təqdim edə bilərik. Antonio Koşta bir daha bildirdi ki,  Avropa İttifaqı bugünün çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə sadiqdir, tərəfdaşlığımız güclüdür. Bu tərəfdaşlığı xalqlarımızın rifahı naminə birlikdə daha da genişləndirə bilərik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31