Hazırda Azərbaycan və Ermənistan gələcək sülh gündəliyinin parametrləri üzərində işləyir - Hikmət Hacıyev

Regional səviyyədə Azərbaycan Türk Dövlətləri Təşkilatında da fəal rol oynayır və bu qurumun institusional inkişafına töhfə verir.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün XIII Qlobal Bakı Forumu çərçivəsində "Multilateralizmin böhranı: Qlobal əməkdaşlığa yenidən baxış" adlı paneldə deyib.

"Bu yaxınlarda Azərbaycan D8 təşkilatına da qoşulub və biz bu təşkilatın daha da institusionallaşmasını və funksionallığının artmasını dəstəkləyirik.

Bundan əlavə, bəzən görürük ki, BMT sisteminə daxil olan qurumlar əməkdaşlıq etmək əvəzinə bir biri ilə rəqabət aparır. Məhdud resurslardan səmərəli istifadə etmək əvəzinə, bu institutlar arasında rəqabət yaranır. Belə bir şəraitdə bəzi multilateral institutların çevik olmamasını görərək Azərbaycan kimi ölkələr orta güc konsepsiyasına yönəlir. Orta güc konsepsiyası və multilateralizm bizim üçün nə deməkdir? Bu o deməkdir ki, yalnız multilateral institutların qərar verməsini gözləmək əvəzinə təşəbbüsü öz əlimizə alırıq və eyni düşüncəyə malik ölkələri müəyyən mövzular ətrafında bir araya gətiririk ki, real dəyişiklik edə bilək. Burada iki konsepsiya ön plana çıxır: "istəkli ölkələrin koalisiyası" və "dəyişkən geometriya". Bu yanaşmada coğrafiya o qədər də əhəmiyyət daşımır. Məsələn, Azərbaycan, Avstraliya və Türkiyə müəyyən məsələlər üzrə birlikdə işləyə bilər".

H.Hacıyev bildirib ki, hazırda biz COP gündəliyi çərçivəsində əməkdaşlıq edir və növbəti COP-un gündəliyinə necə daha effektiv töhfə verə biləcəyimizi müzakirə edirik. Eyni zamanda Efiopiya ilə iqlim diplomatiyası sahəsində əməkdaşlıq edirik.

"Bu isə göstərir ki, dəyişkən diplomatiya və dəyişkən geometriya mühüm rol oynayır. Eyni düşüncəyə malik ölkələr bir araya gəldikdə regionun formalaşmasına töhfə verə bilirlər. Bu yanaşma regionumuzda sülh və təhlükəsizlik gündəliyi üçün də keçərlidir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz multilateral institutların gəlib problemlərimizi həll etməsini gözləmədik. Müstəqilliyimizin ilk illərində müəyyən məsuliyyəti beynəlxalq institutlara, o cümlədən ATƏT-ə həvalə etmişdik.

Lakin etiraf etməliyik ki, ATƏT də sülh və təhlükəsizlik baxımından Avro Atlantik məkanında uğursuz layihələrdən biri oldu. Xüsusilə də ATƏT-in Minsk qrupu bizim vəziyyətimizdə tam diplomatik uğursuzluğa çevrildi.

Buna baxmayaraq Azərbaycan sülh və təhlükəsizliyin təmin olunması üzrə unikal model təqdim etdi. Biz uzun müddət davam edən münaqişəni hərbi siyasi vasitələrlə həll etdik".

H.Hacıyev vurğulayıb ki, hazırda bölgədə real sülh mövcuddur və həm Ermənistan, həm də Azərbaycan gələcək sülh gündəliyinin parametrləri üzərində işləyir.

"Regionumuzda enerji təhlükəsizliyi də multilateral diplomatiyanın uğurlu nümunəsidir. Xəzərdən Adriatik dənizinə qədər uzanan marşrut boyunca bir çox ölkələr bir araya gəldi və hamı üçün faydalı olan layihələr həyata keçirildi.

Digər bir nümunə isə Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlıqdır. Keçən il Azərbaycan Mərkəzi Asiya Məsləhətləşmə Forumuna tamhüquqlu üzv kimi qəbul olunub. Bu da eyni ölçüdə və eyni düşüncəyə malik ölkələrin bir araya gələrək həm regional, həm də qlobal gündəliyin formalaşdırılmasına töhfə verə biləcəyini göstərir".Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31