Bakıda strateji görüş: Avropa Azərbaycanın önəmli tərəfdaş olduğunu vurğulayır- ÖZƏL

" Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri hazırda mürəkkəb və gərgin geosiyasi proseslərin yaşandığı bir dövrə təsadüf edir və mühüm strateji mesajlar ehtiva edir. Bu səfər yalnız diplomatik protokol xarakteri daşımır, eyni zamanda, Azərbaycanın regionda enerji və təhlükəsizlik arxitekturası baxımından nə qədər mühüm rol oynadığını göstərir.
Xüsusilə enerji qiymətlərinin yüksəldiyi bir dövrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyəti daha da artır". 
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib: 
" Avropa İttifaqı uzun müddətdir ki, enerji mənbələrini şaxələndirməyə çalışır ki, tək bir mənbədən asılılıq yaranmasın.
Bu proses xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra daha da aktuallaşıb. Müharibə bəzi enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyini sual altına qoydu və Avropa ölkələrini alternativ enerji mənbələrinə yönəlməyə məcbur etdi. Bu kontekstdə Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır.
Azərbaycan alternativ enerji mənbəyi kimi çıxış edir və Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını artırır. Bu isə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bir daha təsdiqləyir. Azərbaycan artıq Avropanın enerji strategiyasında əvəzolunmaz tərəfdaşlardan birinə çevrilib.
Bu səfər, həmçinin regionun nə qədər həssas və strateji əhəmiyyətə malik olduğunu da göstərir. Dünyanın müxtəlif bölgələrində münaqişələrin artdığı, bəzi nəqliyyat və enerji marşrutlarının risk altında olduğu bir dövrdə Azərbaycanın sabit və təhlükəsiz ölkə kimi mövcudluğu Avropa İttifaqı üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki Avropa ölkələri enerji və iqtisadi əməkdaşlıq baxımından Azərbaycanla əlaqələrin inkişafında maraqlıdırlar. Bu baxımdan Avropa İttifaqı Şurası Prezidentinin Bakıya səfəri qarşılıqlı maraqların təmin olunması və əməkdaşlığın daha da genişləndirilməsi baxımından olduqca vacibdir. Səfər zamanı verilən mesajlar həm də Azərbaycanın regiondakı strateji rolunun daha aydın şəkildə vurğulanmasına xidmət edir. Bu isə ölkəmizə olan siyasi və iqtisadi marağın artmasına, xüsusilə də investisiya imkanlarının genişlənməsinə təkan verə bilər. Belə ki, hazırda dünyanın bəzi bölgələrində münaqişələr və qeyri-sabitlik davam etdiyi halda, sabit və təhlükəsiz ölkələr investisiya üçün daha cəlbedici məkanlara çevrilir. Bu baxımdan Azərbaycanın sabitliyi və strateji mövqeyi gələcəkdə investisiya axınının ölkəmizə yönəlməsi üçün əlavə imkanlar yarada bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31