Fazil Mustafa: "Azərbaycan bərabərhüquqlu tərəfdaşlıq modelini hər şeydən üstün tutur"
15:39 SiyasətPrezident İlham Əliyevin 11 mart tarixli açıqlamalarını şərh edən millət vəkili Avropa İttifaqı ilə dialoqun inkişafına və çoxşaxəli əməkdaşlıq sahələrinə diqqət çəkib.
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevin bu çərçivədə verdiyi bəyanatlarla bağlı fikirlərini bölüşüb.
Millət vəkili bildirib ki, Azərbaycan bərabərhüquqlu tərəfdaşlıq modelini hər şeydən üstün tutur. Bu yanaşma ölkəmizin Avropa İttifaqı ilə dialoqunun əsas prinsipidir və əməkdaşlığın inkişafına xidmət edir
Komitə sədri dövlət başçısının açıqlamalarını Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında formalaşmış strateji dialoqun dərinləşməsinə xidmət kimi qiymətləndirir: "Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər iqtisadi tərəfdaşlıq üçün yeni imkanlar açır. Bu səfər təkcə diplomatik əlaqələrin güclənməsi deyil, həm də regionda davamlı sabitlik və təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə verilən mühüm töhfədir".
Fazil Mustafa vurğulayıb ki, yüksək səviyyəli bu cür görüşlər uzunmüddətli əməkdaşlığın təməlini qoymaqla yanaşı, Azərbaycanın beynəlxalq müstəvidəki nüfuzunu daha da yüksəldir: "Dövlət başçısının bəyanatları qarşılıqlı etimadın möhkəmlənməsinə, ölkəmizin beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiqliyinə verilən ən aydın mesajdır".
Yekunda millət vəkili qeyd edib ki, bu genişmiqyaslı əməkdaşlıq ölkələrarası əlaqələri dərinləşdirməklə yanaşı, həm də regional sabitlik və strateji inkişaf perspektivlərini genişləndirən mühüm amildir.