MDB və Moldova: Rusiyanın planları boşa çıxd ÖZƏL

Moldova hökuməti Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq üçün həlledici addım ataraq, təşkilatın təsis sənədlərinin və Nizamnaməsinin ləğvini dəstəkləyib. Prezident Maya Sandunun imzası və parlamentin bu ay keçiriləcək səsverməsindən sonra rəsmi geri çəkilmə prosesi tamamlanacaq. Bu qərar Moldovanın 1991-ci ildən bəri üzv olduğu təşkilatla hüquqi bağlarını tamamilə qırması deməkdir.
Bu qərardan sonra Kreml Moldovaya qarşı hansı iqtisadi və ya enerji rıçaqlarından istifadə edə bilər? MDB-dən çıxış Avropa İttifaqına inteqrasiyanı sürətləndirə bilərmi?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Moldova hökumətinin MDB-dən çıxmaqla bağlı qərarı dəstəkləməsi həm başa düşüləndir, həm də gözlənilən idi. Belə ki, bu ölkə artıq Avropa İttifaqı ilə münasibətlərini ciddi şəkildə inkişaf etdirmək xəttini seçib və bu istiqamətdə fəaliyyətini davam etdirir. MDB-yə gəldikdə isə, bu təşkilat Rusiyanın patronajlığı altında qurulmuşdur və Rusiyanın maraqlarını təmin etməyə yönəlmiş bir strukturdur. Doğrudur, hansısa beynəlxalq statusu olmasa da, bu təşkilat ciddi formalaşmış və strukturlaşmış formatı yoxdur. Bu, sadəcə olaraq Rusiyanın təsir zonasında saxlamaq istədiyi ölkələrin toplandığı bir formatdır. MDB-yə bağlı məsələlərdə bir neçə ölkə imtina edib, belə ki, Gürcüstan və Ukrayna bu təşkilatdan uzaqlaşıblar. Moldovanın da bu yola keçəcəyi gözlənilirdi, digər ölkələr faktik olaraq bu təşkilatın toplantılarında məcburən iştirak edirlər.
Rusiya-Moldova münasibətlərinə gəldikdə isə, bu ölkə keçən il Moldovada keçirilən seçkilərə müdaxilə edərək vəziyyəti dəyişmək və Maya Sandu hökumətini devirməyə çalışırdı. Amma Moldova seçkilərində həm parlament, həm də prezident səviyyəsində qərb yönümlü siyasətə səs verildi və bununla da Rusiyanın planları boşa çıxdı. Nəzərə alsaq ki, Rusiya bu planların həyata keçməsi üçün kifayət qədər maliyyə və resurslar ayırmışdı, hazırkı şəraitdə Moldovaya göstərə biləcəyi təzyiqlər var, amma nəticəsi olmayıb. Düşünürəm ki, bundan sonra da Rusiyanın hansısa ciddi nəticə əldə etməsi mümkün olmayacaq və Moldova MDB-dən tədricən uzaqlaşacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31