Moldovanın Qərb seçimi: Rusiyanın siyasi orbitindən Avropa İttifaqına doğru – ÖZƏL
15:17 Siyasət"Moldova uzun müddətdir ki, Qərbə inteqrasiya yolunu seçib və bu səbəbdən Rusiya ilə münasibətlərində müəyyən gərginliklər yaşanır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, xüsusilə Moldova Kommunist Partiyası hakimiyyətdən getdikdən və Maya Sandunun rəhbərlik etdiyi Qərbyönümlü hökumət hakimiyyətə gəldikdən sonra ölkənin Avropaya inteqrasiya prosesi daha da sürətlənib. Hazırda Moldova tədricən Rusiyanın siyasi orbitindən uzaqlaşmağa və Avropa İttifaqı ilə daha sıx əlaqələr qurmağa çalışır. Bu prosesdə Dnestryanı məsələsi xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, həmin bölgədə hələ də separatçı və Rusiyaya yaxın bir hakimiyyət mövcuddur və bu struktur Moskva tərəfindən ciddi şəkildə dəstəklənir. Digər separatçı bölgələrdən fərqli olaraq, Moldova ilə Dnestryanı arasında müəyyən əlaqələr qalmaqdadır. Məsələn, bəzi məlumatlara görə, bölgənin enerji təminatının bir hissəsi Moldovanın nəzarətində olan ərazilər vasitəsilə həyata keçirilir. Bu da müəyyən mənada yumşaq inteqrasiya elementlərinin mövcud olduğunu göstərir.
Ekspert qeyd edib ki, Moldovada Rusiyaya yaxın kommunist hökumət hakimiyyətdən getdikdən sonra rəsmi Moskvanın Dnestryanı vasitəsilə Kişinyova təzyiq göstərməyə çalışdığı barədə fikirlər də səslənir. Bu fonda Moldova hökuməti də Rusiyaya qarşı daha sərt siyasi mövqe nümayiş etdirir. Son dövrlərdə Moldovanın Rumıniya ilə münasibətlərinin genişlənməsi də diqqət çəkir. İki ölkə arasında uzun müddətdir davam edən inteqrasiya müzakirələri mövcuddur və zaman-zaman onların birləşməsi ideyası da gündəmə gətirilir. Bununla yanaşı, Moldovanın həm Avropa İttifaqına, həm də NATO-ya üzvlük perspektivləri də müzakirə olunur.
"Belə bir ssenaridə Moldovanın Rusiyanın təsir dairəsində olan bəzi təşkilatlardan uzaqlaşması ehtimalı da artır. Bu kontekstdə ölkənin MDB-dən çıxmaq məsələsini gündəmə gətirə biləcəyi ehtimal olunur. Ümumiyyətlə, bəzi müşahidəçilər MDB-nin təsirinin getdikcə zəiflədiyini və yaxın gələcəkdə digər ölkələrin də bu qurumdan uzaqlaşa biləcəyini düşünürlər. Bu baxımdan son dövrlərdə Ermənistanda da MDB ilə bağlı münasibətlərin yenidən qiymətləndirilməsi barədə müzakirələrin artdığı diqqət çəkir", - deyə siyasi şərhçi vurğulayıb.
Lamiyə Cəbrayılova