Avropa İttifaqının dünyada baş verən proseslərlə bağlı vahid mövqeyi yoxdur- ÖZƏL

"Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm diplomatik hadisədir. Bu görüş təkcə ikitərəfli əlaqələrin inkişafı deyil, həm də Cənubi Qafqazın geosiyasi arxitekturası, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və Avropa ilə Asiya arasında strateji əlaqələr baxımından geniş nəticələr doğuran proses kimi qiymətləndirilir". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib: "Bu səfər regional və qlobal geosiyasi proseslərin kəsişdiyi mürəkkəb bir dövrə təsadüf edir. Məlumdur ki, hazırda İran ilə ABŞ-İsrail arasında müharibə gedir və bu, Yaxın Şərqdə gərginliyi getdikcə artırır. Hətta ehtimallar var ki, region ölkələri də bu müharibəyə qoşulsun, eyni zamanda tərəflərə məxsus proksilərin də baş qaldırması proqnozlaşdırılır. Bu da öz növbəsində münaqişənin regional kontektsdən çıxaraq, qlobal xarakterli problemə çevrilə biləcəyindən xəbər verir. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin də davam etməsi regional və qlobal gərginlik sərhədlərini daha da genişləndirir. Qeyd olunan proseslər çərçivəsində isə Avropanın enerji təhlükəsizliyi və regional siyasət problemləri özünü qabarıq şəkildə biruzə verməyə başlayır. Çünki Avropa İttifaqının dünyada baş verən proseslərlə bağlı vahid mövqeyi yoxdur və güc mərkəzi kimi regional maraqlarını təmin etməkdə çətinliklər çəkir. Xüsusilə də, Avropa İttifaqı bu gün Avrasiya geosiyasi məkanında sabit və dayanıqlı ticarət-enerji dəhlizi olan Cənubi Qafqazda yeni geosiyasi balansın formalaşması prosesindən də kənarda qalır. Məhz, bütün bu səbəblər Antonio Koştanın Azərbaycana səfərini təkcə diplomatik xarakterli etmir, həm də strateji və təhlükəsizlik baxımından böyük əhəmiyyətini üzə çıxarmış olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31