Tehrandakı hansı qüvvələr Azərbaycan və Türkiyə ilə gərginlikdə maraqlıdır? – ÖZƏL

"Azərbaycan və Türkiyə bir çox qlobal məsələlərdə ortaq mövqedən çıxış edən dövlətlərdir. Həm rəsmi Ankara, həm də rəsmi Bakı müxtəlif beynəlxalq problemlərlə bağlı mövqelərini bir-birini məlumatlandırmaq, məsləhətləşmək və qarşılıqlı razılaşmalar əsasında formalaşdırırlar".

Bu sözləri   Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, İran ətrafında yaranmış hərbi böhran məsələsində də Türkiyə və Azərbaycanın mövqeləri üst-üstə düşür. Hər iki ölkə müharibənin əleyhinədir, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlar keçirməsini dəstəkləmir və İranın ərazi bütövlüyünü tanıdıqlarını bildirirlər. Bununla yanaşı, həm  Azərbaycan, həm də Türkiyə münaqişənin mümkün qədər tez başa çatmasında maraqlıdır. Tərəflər problemin siyasi və diplomatik yollarla həllinə üstünlük verdiklərini dəfələrlə vurğulayıblar və bu istiqamətdə müxtəlif çağırışlar səsləndirilib.

Ekspert qeyd edib ki, bəzi hallarda İranda müəyyən qüvvələrin Azərbaycan və Türkiyənin sülhpərvər və müharibə əleyhinə mövqeyinə lazımi əhəmiyyət vermədiyi, hətta Bakı və Ankaranı qıcıqlandıra biləcək addımlar atdığı müşahidə olunur. Bu vəziyyətin müxtəlif səbəbləri ola bilər. Onlardan biri kimi İranda mövcud olan hakimiyyət daxilindəki fikir ayrılıqları göstərilir. Müharibə şəraitində ölkəni idarə edən müxtəlif siyasi qruplar və mərkəzlər arasında fərqli mövqelərin və maraqların olduğu barədə məlumatlar səslənir. Bu baxımdan ehtimal olunur ki, Prezident Pezeşkian və onun ətrafı qonşu ölkələrlə normal münasibətlərin qorunmasının tərəfdarı olsa da, hakimiyyət daxilində bəzi radikal qruplar region ölkələri ilə münasibətlərin gərginləşməsində maraqlı ola bilərlər. Yaranan bəzi gərginliklər həm İran hakimiyyəti daxilindəki fikir ayrılıqları, həm də radikal siyasi qrupların maraqları ilə bağlı ola bilər.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31