“Sülh Qovşağı” emosional səslənsə də, rasional yanaşma “Zəngəzur dəhlizi” deyir- ÖZƏL

"Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri ilk növbədə artıq Brüsselin də ayırıcı xətlərsiz, dinc və geosiyasi subyekt kimi çıxış etməyi bacaran Cənubi Qafqazın maraqlarına daha çox cavab verdiyini anladığı, yaxud da belə bir reallıqla razılaşdığı təəssüratı yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatlarında yer alan məqamlar, hər halda, belə düşünməyə əsas verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Bəyanatda ən önəmli məsələlərdən biri ikitərəfli gündəliyi daha da irəli aparmaq üçün möhkəm hüquqi çərçivə yaradacaq yeni əhatəli ikitərəfli saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının vurğulanmasıdır. Avropa İttifaqının özünün "Qlobal Qapı" layihəsi çərçivəsində Naxçıvan dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlıq vədi də göstərir ki, "Sülh Qovşağı" emosional səslənsə də, rasional yanaşma "Zəngəzur dəhlizi" deyir. Özəlliklə də indiki dönəmdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə necə böyük töhfə verdiyi daha qabarıq göründüyündən, sözügedən bəyanatda bu sahədə əməkdaşlığın  genişləndirilməsinin vurğulanması tam təbiidir. Burada Qara dəniz sualtı kabeli layihəsinə, qarşılıqlı enerji bağlantılarına diqqət ayrılması da bizim üçün önəmlidir. Çünki  Azərbaycanda artıq özümüzün ehtiyac duyduğumuzdan 2 qiqavat  çox enerji istehal edilir və bu göstərici getdikcə artacaq.
 Daha bir önəmli məqam sadə vətəndaşların da çox arzuladıqları qarşılıqlı səyahətləri asanlaşdıracaq Viza Sadələşdirilməsi Sazişinin davamlı icrasına toxunulmasıdır. Əgər Brüsseldə Cənubi Qafqaz doğrudan da daha ayırıcı xətlərlə bölünən region deyil, Avropa İttifaqının da bundan qazanacağı geosiyasi subyekt gözündə görülürsə, onda "Azərbaycan vətəndaşları üçün də vizasız gediş-gəliş rejimi nədən tətbiq edilməsin?" sualı tam aktual səslənir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31