Avropa Şurası prezidentinin Bakı səfəri: Azərbaycan Avropa üçün “alternativsiz tərəfdaş” rolunda – ÖZƏL

Avropa Şurasının Prezidenti Antonio Koştanın  Bakıya  səfəri  siyasi  mühitdə   geniş   müzakirələrə   səbəb  olub.

Maraqlıdır, regionda artan geosiyasi gərginlik fonunda Avropa Şurası Prezidentinin Bakıya səfəri hansı siyasi mesajları ehtiva edir?

"Regionda artan gərginlik fonunda Avropa Şurası prezidentinin Bakıya səfəri bir neçə istiqamətdən mühüm əhəmiyyət daşıyır. İlk növbədə, bu səfər Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun bir daha qabarıq şəkildə vurğulanması baxımından diqqət çəkir. Eyni zamanda, Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmlənməsi kontekstində də bu səfərin xüsusi önəmi var".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu günlərdə Ermənistanın baş naziri də Avropada səfərdədir və orada  Azərbaycan Prezidenti ilə sülhün əldə olunması istiqamətində görülən işləri, həmçinin Ermənistana humanitar məhsulların çatdırılması, o cümlədən Azərbaycan ərazisindən tranzit olaraq üçüncü ölkələrdən taxıl məhsullarının keçirilməsi üçün yaradılan şəraitə görə təşəkkür etdiyini bildirib, bu, regionda sülhün artıq geri dönməz xarakter almağa başladığını göstərir. Bu isə hazırkı həssas dövrdə Avropa İttifaqı üçün də olduqca vacib bir təminatdır. Çünki həm Yaxın Şərqdə vəziyyətin böhran həddinə çatması, həm də Rusiya ilə münasibətlərin uzun müddətdir dondurulmuş vəziyyətdə qalması fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artır. Bu şəraitdə Azərbaycanın həm tranzit imkanları, həm də karbohidrogen resurslarının Avropaya nəqlində alternativsiz marşrutlardan birinə çevrilməsi xüsusi aktuallıq qazanır.

Ekspert qeyd edib ki, bu baxımdan, səfər Azərbaycanın Avropa üçün vacib tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri olan Avropa İttifaqı ilə bərabərhüquqlu, daxili işlərə qarışmadan və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişafı baxımından da əhəmiyyətlidir.
Bu səfər hər iki tərəfi qane edən formatda keçib və tərəflər arasında ortaq maraqlara əsaslanan fikir mübadiləsinin aparıldığı, gələcəyə yönəlmiş əməkdaşlıq perspektivləri baxımından daha məhsuldar bir görüş kimi qiymətləndirilə bilər.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31