“O bombalar bütün regionun eksosistemini məhv edir”- Ekoloqdan həyəcanlı açıqlama-ÖZƏL
13:33 Siyasət"ABŞ-ın da dəstək verdiyi İsrail-İran müharibəsinin tezliklə bitməsi bölgədə mövcud olan bütün dövlətlərin, xalqların marağına cavab verir. Müharibələr hər şeyə zərbə vurur. İnsanlar ölür, ətraf mühit zərər görür". Bu sözləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, tərəflər anlaşıb müharibəni dayandırmalı, regionu məhvə sürükləyən ekoloji problemlərin həlli ilə məşğul olmalıdır.
"Hazırda Yaxın Şərqdə baş verən müharibə daha çox raketlərin, bombalarım müharibəsidir. Quru əməliyyatları getmir, ağır texnika hərəkət etmir. Bununla belə raketlər, təyyarələrin atdığı bombalar, qırıcıların endirdiyi zərbələr də ətraf mühitə ciddi ziyan vurur, ekologiyanı korlayır. Bombardmanlar təkcə şəhərləri, qəsəbələri, kəndləri, tikililəri dağıtmır. Torpaq qatını da məhv edir, ekositemi sıradan çıxarır. Partlayıcıların tərkibində olan kimyəvi maddələr təbitətə yayılır, flora və faunanı məhv edir, su mənbələrini çirkləndirir. Suda və quruda yaşayan heyvanların populyasiyası prosesi pozulur. İnsanlıq anlamalıdır ki, yer kürəsi tək bizim üçün deyil. Digər canlılar da bu planetdə yaşamalı, nəsil artırmalıdır. Planetimizin məsuliyyəti şüurlu varlıq olan insanın üzərindədir. Heç bir canlı insan qədər təbiətə zərbə vurmur. Son 30 ildə dünya əhalisinin sayı kəskin artıb. Onsuz da dünya əhalisini ərzaqla təmin etmə problemi yaranıb. Yaxın gələcəkdə bu problem daha da kəskin hal alacaq. Dünyanın beyin mərkəzləri bunu, ətraf mühitin qorunmasını düşünməkdənsə, yeni modern silahlar istehsal edilir, sonra onları sınaqdan keçirmək üçün münaqişələr yaradılır. Ancaq bilməliyik ki, insan da daxil olmaqla digər canlıların başına atılan o bombalar əslində bəşəriyyətin gələcəyinə tuşlanıb. O bombalar bütün insanlığın başına düşür əslində. Müharibədə ölən ölür, ölməyən də yavaş-yavaş ölür. Çirkli havadan, sudan zəhərlənir, stressdən, qorxudan xəstəlik tapır. Sosial şəbəkələrdə İsraildən, İrandan heyvanların raketdən, bombadan gizləndiyini əsk etdirən videolar paylaşılır. O görüntüləri ürək ağrısı ilə izləyirik. Küncə qısılmış itlər, pişiklər gözlərində qorxu ətrafa baxır, sanki ölümlərini gözləyirlər. Unutmayaq ki, onların da duası, naləsi var. Uca dinimizdə heyvanlara zülm edənlər lənətlənir, qayğı göstərənlər alqışlanır. Buyurulur ki, "heyvanlar Allahın dilsiz qullarıdır. Onlar indi susur, amma qiyamət günü danışacaq, hər şeyə şahidlik edəcək". Bu bir inancdır, zərərli bir nümunə də aşılamır. Əksinə, insan oğlunu mərhəmətli olmağa səsləyir. Bu gün havadan yağan raketin gətirdiyi ölüm qorxusu ilə insanları seyr edən, mərhəmət uman o məsum canlılar bəlkə də bir gün günahlarımızın şahidi kimi dilə gələcəklər. Nə qədər gec deyil müharibələr dayandırılmalıdır".
QHT sədrinin sözlərinə görə, müharibə cinayətləri törədənlər ədalət mühakiməsinə verilməlidir: "Ermənilər 30 il Qarabağı işğalda saxladılar, torpaqlarımızı, su resurslarımızı, meşələrimizi məhv etdilər. Bu gün o cinayətləri törədənlərin əksəriyyəti Bakıda mühakimə olundu, layiqli cəzalarını aldılar. Əminəm ki, bu gün müharibəyə səbəb olan, "öldür" əmri verən siyasi liderlər də bir gün mühakimə olunacaqlar. Özü də indi canlı aləmi məhv etmək üçün 30 ilə gərək yoxdur. Müasir silahlar bir anın içərisində ekosistemi məhv edir. İran, İsrail su qıtlığı yaşayan ölkələrdir. Bu gün regionun bütün ekoloqları, düşünən başları yığılmalı, su qıtlığından əziyyət çəkən insanlara kömək etməyin yolunu düşünməlidir. Bu cür davam edərsə, yaxın 30 ildə o ölkələrin əksər torpaqları şoranlaşacaq. İnsanlar kəndləri tərk edib başqa yerlərə, bəlkə də başqa ölkələrə üz tutacaqlar. Baş verəcək bu cür humanitar fəlakətləri önləmək üçün öncə savaş dayandırılmalı, sonra ekoloji monitorinqlər başlanmalı, suyun, torpağın, meşələrin qorunması, bərpası ilə bağlı layihələr icra olunmalıdır".
İBRAHİM MƏMMƏDLİ