Rebeka Qrinspan: Qlobal Bakı Forumu dünyadakı parçalanmanın qarşısının alınmasına yönəlib
12:11 SiyasətXIII Qlobal Bakı Forumu dünyadakı parçalanmanın qarşısının alınmasına yönələn mühüm bir tədbirdir. Bu sahəyə göstərdiyi diqqət və dəstəyə görə, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspan XIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, sülh uşaqlar, gələcək nəsillər və ümumiyyətlə, hər bir insan üçün ən böyük nemətlərdən biridir. Lakin sülhün əldə olunması müəyyən səylər və birgə fəaliyyət tələb edir.
"BMT məhz bu məqsədlər naminə - münaqişələrin və müharibələrin qarşısını almaq üçün təsis edilib. Biz hamımız çalışmalıyıq ki, sülhün təşviqinə töhfə verək. Eyni zamanda, mən BMT-də müəyyən islahatların və yeniliklərin aparılmasının da tərəfdarıyam", - deyə Konfransın Baş katibi vurğulayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin öz adını böyük Azərbaycan şairi Nizami Gəncəvidən aldığını diqqətə çatdıran Rebeka Qrinspan əlavə edib: "Onun poeziyası müxtəlif mədəniyyətlərdə tanınıb və böyük hörmət qazanıb. Arzu edirəm ki, sülh və dialoq ideyası da məhz belə olsun - sərhədləri aşsın, xalqları birləşdirsin və bəşəriyyətin qarşısında duran çağırışların həllinə xidmət etsin".