Daxili Qoşunlar Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə mühüm rol oynayıb- ÖZƏL
11:05 Siyasət"Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 34-cü ildönümü qeyd olunur. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə mühüm rol oynayan bu şanlı qurum çətin dövrlərdə göstərdiyi qəhrəmanlıqlarla xalqımızın yaddaşında silinməz izlər qoyub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib: "Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi formalaşması ölkəmizin mürəkkəb və məsuliyyətli bir dövrünə təsadüf edib. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt və Gəncə hərbi hissələri erməni silahlı birləşmələrinə qarşı döyüşlərə başlayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq və Gülyataq kəndləri istiqamətində igidliklə vuruşublar.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Daxili Qoşunlar Günü rəsmi şəkildə təsis olunub. Bu qərar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında mühüm xidmətləri olan Daxili Qoşunların şərəfli tarixinin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Daxili Qoşunların şəxsi heyəti üzərinə düşən xidməti vəzifələri daim layiqincə yerinə yetirib. Xüsusilə 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları döyüş ənənələrinə sadiqlik nümayiş etdirərək, erməni işğalçıları üzərində tarixi Zəfərin qazanılmasına mühüm töhfələr veriblər. Bu əlamətdar gün münasibətilə Daxili Qoşunların bütün şəxsi heyətini ürəkdən təbrik edir, onlara çətin və şərəfli xidmətlərində yeni uğurlar arzulayırıq".