ABŞ-İran gərginliyi: Trampın açıqlamaları strateji şantajdır- ÖZƏL

ABŞ prezidenti Donald Tramp jurnalistlərə İranın gələcək xəritəsinin dəyişə biləcəyini istisna etmədiyini bildirib. O, müharibə bitdikdən sonra fərqli bir İranın ortaya çıxa biləcəyini eyhamla vurğulayıb.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olayıar.az-a açıqlama verib: 
" İndiki məqamda Trampın bu fikirləri mənə elə gəlir ki, sadəcə blöftdür, bu, İran hakimiyyətini qorxutmaq və onları geri addım atmağa məcbur etmək üçün verilən açıqlamadır. Çünki əslində, əgər İranda işlər plandan kənara çıxarsa, söhbət İran hakimiyyətinin planından gedir. Onlar məğlub olsalar və məqsədlərini çatmasalar, nələrin baş verəcəyini proqnozlaşdırmaq, hesablamaq mümkün olmayacaq. Mümkün  iki əsas ssenari var . Birincisi, İranın unitar qalması, ancaq hakimiyyətə ABŞ-ın və ya Qərbin, yəni bugünkü iqtidarın "düşmən" adlandırdığı kənar qüvvələrin seçdiyi marionet rejimin gəlməsidir. İkincisi isə İranın parçalanmasıdır.
Bu iki versiya arasında seçim etsək, mənə elə gəlir ki, əslində, rejim məğlub olarsa, baş verə biləcək pərakəndəliyin həcmindən asılı olaraq ikinci versiya, yəni parçalanma daha məqbul görünür. Təbii ki, əgər ABŞ və İsrail zərbələri sona qədər, yəni rejimi çöktürənə qədər davam etdirərlərsə, bu halda parçalanma ssenarisi işə düşə bilər.
Coğrafi baxımdan fərqli bölünmələrə nəzər salsaq, İranın daxilində müxtəlif böyük etnik qruplar yaşayır:  kürdlər, Azərbaycan türkləri və körfəzə yaxın ərazilərdə ərəblər. Təbii ki, farslar da burada əsas əhalidir. Bütün bu etnik qruplar göstərir ki, əgər rejim çökər və parçalanma ssenarisi işə düşərsə, İranın müxtəlif bölgələrində fərqli parçalanmalar ola bilər. Amma indiki məqamda bunu çox da real görmürəm, çünki ABŞ-ın və İsrailin məqsədi İranı parçalamaq deyil. Əksinə, onlar İranı vahid halda istəyirlər, lakin öz şərtlərini qəbul etdirməyə çalışırlar. Buna görə də Trampın açıqlamaları əsasən bu məqsədə hesablanıb-rejimi fikrindən döndərmək və ABŞ-ın şərtlərini qəbul etməyə razı salmaq. Əgər bu baş verməzsə və ABŞ qərar verərsə ki, İrandan məqsədə çatmadan çıxmaq olmaz və bu siyasət sona qədər davam etməlidir, o zaman parçalanma ssenariləri işə düşə bilər. Bu halda iki əsas məsələ önə çıxacaq: Azərbaycan türkləri və bəluclar.
Ərəblərin artıq dövlətləri olduğundan yeni bir dövlət qurmaq ehtiyacı yoxdur. Onların sayı da azdır, təxminən 2-3 milyon nəfərdir, bu isə İran kimi böyük bir coğrafiya üçün ciddi rəqəm deyil. Kürd məsələsinə gəldikdə, tarixən dövlət qurmaq imkanları olmuş, amma onların dövlətçilik ənənəsi və infrastrukturu olmadığı üçün, dövlət qurması real görünmür.
Bəluclar məsələsi tarixi baxımdan daha aktualdır. Onlar bir neçə dövlətdə bölünmüş, amma strateji mövqeləri və sayları baxımından dövlət qurmaq üçün əlverişlidir. Azərbaycan türklərinin məsələsi də önə çıxa bilər, çünki onlar tarixi və etnik dövlətçilik ənənəsinə malikdirlər, həmçinin əsas İran ordusunun generalitet təbəqəsinin böyük hissəsi Azərbaycan türkləri ilə bağlıdır.
Amma mən düşünmürəm ki, İranın parçalanması halında Azərbaycan türkləri və ya Türkiyə və Azərbaycan dövlətləri bu prosesdə iştirak edəcəklər. İranın parçalanması hazırda gələcəkdəki bir ssenari kimi görünür, amma bu, sadəcə siyasi şantaj xarakteri daşıyır. Tarixin hansı dəyişiklikləri gətirəcəyini isə indidən demək çətindir. Bu gün üçün isə Trampın açıqlamalarını qiymətləndirəndə, bu sözlər sadəcə bir blöftdür. Tramp kimi plansız və siyasəti daha çox iqtisadiyyata bərabər bilən biri üçün bu sözlər əsasən şantaj xarakterlidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31