Paşinyanın "Qərb missiyası": Rusiyanın Ermənistandakı son qalası sarsılır? – ÖZƏL
17:14 Siyasət"Nikol Paşinyan ABŞ-nin dəstəyi ilə hakimiyyətə gətirilmiş siyasi fiqur kimi qiymətləndirilir. Onun qarşısında müəyyən siyasi kurs müəyyənləşdirilib və Paşinyan bu kurs çərçivəsində Ermənistanın siyasətini formalaşdırır. Bu siyasi kursun əsas məqsədi Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək və ABŞ-nin təsirini gücləndirməkdir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, son illər ərzində Paşinyan bu siyasəti müxtəlif sahələrdə həyata keçirməyə çalışır. Bu, həm xarici siyasətdə, həm daxili siyasətdə, həm də hərbi sektorda özünü göstərir. Məlum olduğu kimi, Paşinyan Rusiyanın təşəbbüsü ilə yaradılmış KTMT-nin çərçivəsində keçirilən toplantıları boykot edir və həmin tədbirlərdə iştirak etmir. Eyni zamanda müxtəlif siyasi və təhlükəsizlik sahələrində də bu kursun həyata keçirildiyi müşahidə olunur. Son dövrlərdə Ermənistanda diqqət mərkəzində olan məsələlərdən biri də ölkə ərazisində yerləşən 102-ci Rusiya hərbi baza ilə bağlıdır. Ermənistan cəmiyyətində bu baza ətrafında müzakirələr genişlənib və Paşinyanın apardığı siyasətin nəticəsi kimi bəzi dairələrdə bu hərbi bazanın Ermənistan üçün təhlükə mənbəyi olduğu barədə təbliğat aparılır. Hətta müəyyən hallarda bazanın qarşısında etiraz aksiyalarının keçirildiyi də müşahidə olunub. Buna baxmayaraq, Ermənistan ilə Rusiya arasında imzalanmış razılaşmaya əsasən, 102-ci hərbi bazanın fəaliyyəti 2040-cı ilə qədər uzadılıb və bu qərar Ermənistan tərəfindən ratifikasiya olunub. Bu səbəbdən həmin bazanın qısa müddətdə ləğv edilməsi hüquqi baxımdan asan məsələ deyil. Lakin buna baxmayaraq, Paşinyanın apardığı siyasət nəticəsində Ermənistan cəmiyyətində bu baza ilə bağlı müxtəlif təxribat xarakterli addımların atıldığı iddia olunur. Media və digər platformalarda ideoloji təbliğat aparılır, etiraz aksiyaları təşkil edilir. Bundan əlavə, 102-ci hərbi bazada xidmət edən erməni əsilli bəzi hərbçilərin də müxtəlif təxribatlara və sabotaj xarakterli addımlara əl atdığı barədə məlumatlar səsləndirilir. Bildirilir ki, bəzi hallarda hərbi hissədə narazılıqlar yaradılır, hətta müəyyən yüklərin bazaya çatdırılmasına maneələr törədilir. Bütün bunlar cəmiyyətdə Rusiyaya qarşı narazılığın artırılması məqsədi kimi qiymətləndirilir.
"Məlum olduğu kimi, 102-ci bazanın Ermənistanda mövcudluğu ABŞ-nin regional maraqlarına tam uyğun hesab edilmir. Bu səbəbdən də bəzi ekspertlər belə hesab edir ki, Ermənistanda həyata keçirilən bu siyasət müəyyən xarici təsirlərlə bağlıdır. Digər tərəfdən, regionda baş verən hərbi proseslər də bu bazanın təhlükəsizliyi baxımından müəyyən risklər yarada bilər. Məsələn, İran ətrafında baş verən hərbi əməliyyatlar fonunda nəzəri olaraq müxtəlif təxribatların baş verməsi ehtimalı da müzakirə olunur. Məsələn, hansısa dron hücumunun yanlışlıq və ya üçüncü tərəfin təxribatı kimi təqdim olunması regionda daha böyük gərginliyə səbəb ola bilər. Belə bir ssenari regionda yeni qarşıdurma risklərini də artırar. Bu baxımdan ümumi qiymətləndirmə ondan ibarətdir ki, Paşinyanın siyasəti Rusiyanın Ermənistandakı təsirini zəiflətməyə yönəlib. Bu siyasət həm iqtisadi, həm siyasi, həm də hərbi sahələrdə özünü göstərir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistanda 2026-cı ildə parlament seçkiləri keçiriləcək. Əgər həmin seçkilərdən sonra Paşinyan yenidən hakimiyyətdə qalarsa, bu istiqamətdə aparılan təbliğat və fəaliyyətlərin daha da intensiv xarakter alacağı ehtimal olunur", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova