Naxçıvan hadisəsi və diplomatik balans: Bakı ilə Tehran arasında yeni dinamika- ÖZƏL
16:13 Siyasətİranın Naxçıvana raket hücumundan sonra İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında hadisənin araşdırılacağını bildirməsi iki ölkə arasında münasibətlərdə müəyyən müsbət dinamikanın yaranmasına səbəb oldu.
Bəs hadisələrin bundan sonrakı gedişatı necə olacaq?
Mövzu ilə bağlı siyasi şərhçi Xasay Gəraylı Olaylar.az-a açıqlama verib:
" Mən İran-Azərbaycan münasibətlərini təxminən yay-payız aylarında araşdırıb, 90-cı illərdən bəri olan münasibətlərə nəzər yetirmişdim. Daha çox da son dövrlərə diqqət etmişdim.
Azərbaycan-İran münasibətlərində zaman-zaman gərginlik də olub, yaxşı münasibətlərin olduğu dövrlər də. Təbii ki, Azərbaycan regionda qonşu dövlətlərlə münasibətləri stabil və yaxşı saxlamağa çalışan bir ölkədir və İranla münasibətlərin də yaxşı olmasına ciddi şəkildə diqqət verir.
Qarabağ müharibəsindən sonra Azərbaycanın Zəngəzur ərazisi ilə bağlı məsələlər, Zəngəzur dəhlizinin açılması mövzusu İranın milli maraqları ilə Azərbaycanın milli maraqlarının müəyyən məqamlarda toqquşmasına səbəb olub. Buna baxmayaraq, Azərbaycan təbii ki, öz xarici siyasətini öz milli maraqları əsasında müəyyən edir.
Bundan əlavə, Məsud Pezeşkian hakimiyyətə gəldikdən sonra Azərbaycan-İran münasibətlərində müəyyən yumşalma müşahidə olunur. Çünki Məsud Pezeşkianın əslən azərbaycanlı olması və Azərbaycanla münasibətlərə önəm verməsi bu prosesə təsir göstərir. Onun Bakıya gəlməsi, Xankəndiyə səfəri kimi addımlar həm Azərbaycan-İran münasibətlərində, həm də iki ölkə lideri -İlham Əliyev və Məsud Pezeşkian arasında münasibətlərdə özünü göstərən məqamlar oldu.
İranın atdığı raket hücumu ilə bağlı isə Azərbaycan təbii ki, dərhal diplomatik addımlar atdı və öz reaksiyasını verdi. İran tərəfindən müəyyən izahlar gəlsə də, raketin İran ərazisindən atıldığı məlum məsələ idi. Həm İranın xarici işlər naziri Abbas Araqçi, həm də prezident Məsud Pezeşkian bunu inkar etsələr də, Azərbaycan tərəfi böyük ehtimalla aparılan danışıqlardan sonra bunun qəsdən atılmadığını və İran tərəfindən təxribat niyyətinin olmadığını qəbul etdi. Bunu həm də sonrakı addımlardan görmək mümkündür. Məsələn, Azərbaycan İrana təxminən 30 tona yaxın humanitar yardım göndərdi- düyü, çay, dərman, su və digər zəruri vasitələr. Müharibə şəraitində olan bir ölkəyə belə humanitar yardımın göndərilməsi də göstərir ki, Azərbaycan münasibətlərin yenidən normallaşmasına önəm verir.
Hazırda İran İsraillə müharibə vəziyyətindədir. Ölkədə mövcud rejimin qorunub-qorunmayacağı bəlli olmasa da, dövlət öz varlığını davam etdirəcək. Azərbaycan isə qonşu dövlətlərlə münasibətlərə önəm verən bir ölkə kimi İranla münasibətlərini əvvəl olduğu kimi normal şəkildə davam etdirməyə çalışacaq".
Zeynəb Mustafazadə