Ermənistan seçkilər ərəfəsində Rusiyanın hərbi təsirini zəiflətmək istəyir-Politoloqdan açıqlama-ÖZƏL

İran ətrafındakı hərbi gərginlik fonunda Ermənistandakı 102-ci Rusiya hərbi bazası ilə bağlı sensasion xəbərlər yayılıb. Ermənistan komandanlığı bazanın hava hücumundan müdafiə (HHM) sistemlərinin tam hazır vəziyyətə gətirilməsini istəyib. İddialara görə, erməni hərbçilər radarlardan məlumat verməkdən imtina edir və birgə komandanlıqda yalnız erməni dilində ünsiyyət quraraq rusiyalı həmkarlarını bloklayırlar. İran səmasının bağlanması və qonşu ölkələrin icazə verməməsi səbəbindən bazaya hərbi yüklərin daşınması dayanıb. Gərginlikdən istifadə edərək bazaya qarşı PUA-larla təxribatların törədilə biləcəyi bildirilir.
102-ci bazanın təchizat yollarının tam qapanması Rusiyanın regiondakı hərbi varlığına son qoya bilərmi? Ermənistanın eyni vaxtda həm bazanın gücləndirilməsini tələb edib, həm də əməkdaşlığı sabotaj etməsi hansı siyasi məqsədə xidmət edir?


Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: 
" Əlbəttə ki, bu hadisənin obyektiv və subyektiv tərəfləri var. İlk ağla gələn səbəblər, şübhəsiz ki, regionda artan gərginliyin olmasıdır. Prinsip etibarilə, hələ bir neçə gün öncə Ermənistana çox yaxın olan, Azərbaycanın Naxçıvan bölgəsinə dron zərbələri endirilmişdi. Azərbaycan kimi proseslərdən kənar, neytral və heç bir ölkənin hərbi bazasının yerləşmədiyi bir ölkəyə zərbə dəyib. Ermənistanda isə Rusiyaya və Amerikaya məxsus hərbçilər mövcuddur. Bu baxımdan ehtimal olunan hədəflər sırasında Ermənistan da var və İrəvan buna rahatlıqla keçirir. Amma aydın məsələdir ki, real səbəb Ermənistanın 102-ci hərbi bazadan xilas olmaq istəməsidir. Bu bazanın burada qalması Rusiyanın Ermənistana təsir imkanlarının davam etməsi deməkdir və Ermənistan tərəfi Rusların 102-ci hərbi bazadan çıxarılmasını istəyir. Qarşıdan parlament seçkiləri gəlir və Paşinyan hakimiyyət seçki öncəsi ehtimal olunan rəqiblərini, eləcə də onların təsir dairəsini və Rusiyanın ata biləcəyi addımları neytrallaşdırmaq istəyir. Buna görə də belə bir addım atıla bilər. Hesab edirəm ki, əsas səbəb budur. Amma qeyd etdiyim ilk ağla gələn məsələdir və onun da reallıq payı heç də az deyil". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31