Naxçıvana hücumdan sonra yeni mərhələ: Pezeşkianın vədi bəs edəcəkmi? – ÖZƏL
15:00 Siyasətİranın Naxçıvana raket hücumundan sonra İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı hadisənin araşdırılacağına dair vəd verib. Bu diplomatik təminat iki qonşu ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Maraqlıdır, hadisələrin gələcək dinamikası necə olacaq?
"Hələki münasibətlərdə müsbət dinamika yoxdur. Çünki hələlik sadəcə telefon danışığı olub və məsələnin araşdırılacağı bildirilib. Araşdırma aparıldıqdan və nəticə ortaya çıxdıqdan sonra müəyyən müsbət gözləntilərdən danışmaq mümkün ola bilər".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi bildirib ki, hazırda yalnız onu demək olar ki, humanitar yardım göndərilib. Bu isə istənilən ölkəyə göndərilə bilən humanitar yardımdır və insani dəstək xarakteri daşıyır. Lakin məsələ bununla bitmir. Azərbaycan ərazisinin İran istiqamətindən vurulması iddiası tamam başqa bir məsələdir. Bu məsələdə araşdırma aparılmadan hər hansı qəti qərar vermək düzgün olmaz. Digər tərəfdən, bu hadisə mütləq araşdırılmalıdır. İranda isə daxildə müxtəlif qruplar bu məsələ ilə bağlı fərqli mövqedədirlər. Hətta demək olar ki, bəzi dairələr məsələnin çox da dərin araşdırılmasında maraqlı görünmürlər. Biz əvvəlki hadisələrdə də buna bənzər yanaşmaları görmüşük. Bununla belə, Azərbaycanın tələbi və israrı hesab edirəm ki, İran tərəfini bu məsələdə müəyyən addımlar atmağa və araşdırma aparmağa vadar edə bilər. Əgər araşdırma aparılmazsa və ya nəticə verməzsə, bu, iki ölkə arasındakı münasibətlərdə mövcud olan soyuqluğun qalmasına səbəb olacaq. Hətta münasibətləri zahirən bir qədər yumşaltmağa çalışsalar belə, arxa planda həmin soyuqluq yenə də qalacaq.
"Əgər hadisə araşdırılsa, günahkarlar cəzalandırılsa və baş verən hadisə ilə bağlı İranın mərkəzi hakimiyyəti ədalətli qərar qəbul etsə, o zaman hesab edirəm ki, münasibətlərdə irəliləyiş üçün müəyyən addım atıla bilər. Lakin hazırda bu hələ görünmür. Əgər qeyd etdiyim məsələlər reallaşarsa, onda artıq müəyyən müsbət dinamikanın şahidi olmaq mümkündür. Əks halda isə gərgin münasibətlərin uzun müddət davam etməsi ehtimalı böyükdür. Yəni burada əsas faktor İran tərəfinin atacağı addımlardır. Əgər düzgün addımlar atılarsa, nəticə də müsbət ola bilər", - deyə ekspert əlavə edib.
Lamiyə Cəbrayılova