Azərbaycanın bu addımı Ermənistanda şok effekti yaratdı – Regionda böyük dəyişiklik
14:52 SiyasətXəbər verdiyimiz kimi, Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl yüklü 11 vaqon göndəriləcək. Bildirilir ki, Moskva indiki ağır durumunda ölkəmizin tranzit imkanlarından başqa yükdaşımalarda da yararlana bilər.
Ümumiyyətlə, bu, ticarətdir, yoxsa, siyasət? Rusiya Prezidenti Vladimir Putin Ermənistana jest edir? Zəngəzur dəhlizi açılacağı təqdirdə bu cür keçidlər Rusiyanın işinə daha çox yarayacaq? Orta Asiya, Çinlə ticarət əlaqələrində, yükdaşımalarda da Azərbaycan ərazisindən istifadə edə bilərmi?
Globalinfo.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov deyib ki, sözügedən proses həm ticarət, həm də siyasətdir:
"Azərbaycan öz ərazisini Ermənistana tranzit yükdaşımaları üçün açmaqla regionumuzda sülh meyllərini gücləndirir. Yəni biz sülhü ancaq kağız üzərində yox, praktikada da möhkəmləndiririk. Azərbaycandan ilk yüklər nəql olunanda Ermənistan ictimaiyyətində birmənalı qarşılamırdılar. Xüsusilə radikal müxalifət ölkəmizdən yüklərin daşınmasını təhlükəsizlik, həm də asılılıq baxımından qəbulolunmaz hesab edirdilər. Amma zaman göstərdi ki, Ermənistanın ən təhlükəsiz və dayanıqlı yolu Azərbaycan üzərindəndir. Proses Ermənistanda malların qiymətlərinin aşağı düşəməsinə də təsir göstərdi. O cümlədən, Azərbaycandan ixrac olunan neft məhsulları Ermənistanda şok effekti yaratdı. Yəni əvvəl bunun yolverilməzliyindən ağızdolu danışan radikal müxalifətin üzvləri indi səslərini belə çıxarmırlar və hətta özləri növbədə dayanaraq benzinimizi alırlar. Ticari-iqtisadi əməkdaşlıq həm də əlavə gəlirlər deməkdir. Bu baxımdan tranzit daşımalar dövlət büdcəmizə əlavə vəsaitlər gətirir. İqtisadiyyat çoxşaxəli olanda dayanıqlı olur. Ona görə də tranzit daşımalar iqtisadiyyatın bir parçasıdır desək, yanılmarıq".
Deputat bildirib ki, Rusiya Azərbaycan üzərindən yalnız Ermənistana yüklərin tranzit daşınması üçün istifadə etmir:
"Belə ki, Rusiya Qəbin sankisyaları altında olduğundan Avropaya işləyən yolların hərkətliliyində məhdudiyyətlər tətbiq olunub. Lakin Azərbaycan ərazisi Rusiyanın Avropa və Fars körfəzinə qədər yüklərin daşınması üçün imkanlar yaradıb. Son illər Azərbaycan üzərindən Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri ilə keçən tranzit daşımaların həcmi dəfələrlə artıb. 2025-ci ildə ölkəmiz üzərindən Rusiyaya Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9 milyon 289 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5 milyon 804,8 min ton yük daşınıb. Bu da 15,1 milyon ton olmaqla 2024-cü illə müqayisədə 8,3% artım deməkdir. Zəngəzur dəhlizinin açılması Moskva üçün yüklərin daşınmasında yeni imkanlar qazandıracaq. Çünki Azərbaycan üzərindən keçən nəqliyyat dəhlziləri ən təhlükəsiz və rentabellidir. Rusiyanın Orta Asiya və Çin ilə ticarət əlaqələrində, eləcə də yükdaşımalarda Azərbaycan ərazisindən istifadə edə bilməsi isə məntiqli görünmür. Çünki onların bu regionlarla birbaşa nəqliyyat bağlantıları mövcuddur".