Ərdoğan regionu bürüyən "qan qoxusundan" danışdı: "Bu müharibə dərhal dayanmalıdır"
14:35 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 11-də AK Partiyanın qrup toplantısında etdiyi çıxışda Yaxın Şərqdə alovlanan Rusiya-İran-İsrail-ABŞ gərginliyi ilə bağlı beynəlxalq aləmə kritik çağırışlar edib.
Musavat.com xəbər verir ki, Ərdoğan davam edən hərbi əməliyyatların bütün regionu bürüyə biləcək bir fəlakətə çevrilmək riski daşıdığını və bu qanlı gedişatın dərhal dayandırılmasının vacib olduğunu vurğulayıb. "Əgər diplomatiyaya şans verilərsə, buna nail olmaq mümkündür",- deyə Ərdoğan bildirib.
O, mülki əhalinin, qadın və uşaqların çəkdiyi əziyyətlərə diqqət çəkərək, heç bir məsuliyyəti olmayan insanların ağır bədəl ödədiyini təəssüflə qeyd edib.
Prezidentin çıxışındakı digər mühüm bəyanatlar bunlardır:
Məzhəb ayrı-seçkiliyinə rədd cavabı: Ərdoğan İslam dünyasındakı parçalanmalara toxunaraq deyib: "Bizim sünnilik və ya şiəlik kimi dinlərimiz yoxdur. Bizim tək bir dinimiz var, o da İslamdır! Biz imkan verməyəcəyik ki, imperialistlər bizi ağ-qara, türk-kürd və ya şiə-sünni deyə bölərək bir-birimizə qarşı qoysunlar".
Türkiyənin sarsılmaz iradəsi: Türkiyənin milli gücünü anlamaq istəyənləri tarixə nəzər salmağa çağıran Ərdoğan, Kipr sülh hərəkatını, İstiqlal müharibəsini və Çanaqqala zəfərini xatırladıb: "Biz macəra axtarmırıq, gərginliyi qızışdırmırıq. Lakin kimsə bizim torpağımıza göz dikərsə, tərəddüd etmədən,- "gəlsinlər",- deyərik".
Antitürk lobbilərə xəbərdarlıq: Prezident Türkiyəyə qarşı aparılan sistemli kampaniyaların fərqində olduqlarını və bu tələyə düşməyəcəklərini, hər zaman təmkin və sağlam düşüncə ilə hərəkət edəcəklərini vurğulayıb.
Qeyd edək ki, Ərdoğan eyni zamanda Ukrayna Prezidenti Zelenski ilə telefon danışığı apararaq, Yaxın Şərqdəki böhranın Ukraynadakı sülh səylərinə mane olmamalı olduğunu bildirib və Türkiyənin vasitəçilik üçün üçtərəfli formatda növbəti danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.