Azərbaycan hər zaman qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasət yürüdüb- ÖZƏL
10:46 Siyasət"Son dövrlərdə regionumuzda baş verən hadisələr bir daha göstərir ki, dünya siyasətində sabitlik çox həssas məsələdir. İran ilə İsrail arasında artan gərginlik, bölgədə təhlükəsizlik risklərinin yüksəlməsi və müxtəlif istiqamətlərdə baş verən dron insidentləri hamını narahat edən məsələlərə çevrilib. Türkiyə istiqamətində və Azərbaycanın Naxçıvan bölgəsi ilə bağlı yayılan xəbərlər də regionda diqqətin və ehtiyatlı diplomatiyanın nə qədər vacib olduğunu göstərir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Azərbaycan hər zaman sülhə, beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasət yürüdüb. Bu proseslər fonunda Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətləri bir daha özünü göstərir. "Bir millət, iki dövlət" anlayışı sadəcə söz deyil-çətin günlərdə qarşılıqlı dəstək və həmrəyliyin real nümunəsidir. Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ilə Azərbaycan Prezidenti Ilham Aliyev arasında baş tutan dəstək zəngləri iki ölkənin hər zaman bir-birinin yanında olduğunu bir daha nümayiş etdirdi.
Eyni zamanda Azərbaycan humanitar dəyərlərə sadiqliyini qoruyaraq siyasi gərginliklərə baxmayaraq insan amilini ön planda saxladığını göstərdi. Prezident İlham Əliyevin İrana humanitar yardım göstərilməsi barədə qərarı ölkəmizin regionda qarşıdurmanı deyil, humanizmi və qonşuluq münasibətlərini üstün tutduğunu göstərən mühüm addım kimi qiymətləndirilir. Bu yanaşma Azərbaycanın balanslı və məsuliyyətli siyasətinin nümunəsidir. Bu siyasət eyni zamanda, ölkəmizin beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş kimi rolunu daha da gücləndirir".