Pezeşkianla Xameneinin oğlu arasında nə baş verir? – 5 İran rəsmisi təhlükədə

İranda ali rəhbər postuna yeni seçilən Müctəba Xameneinin ölkənin mövcud siyasi və hərbi böhran şəraitində hansı addımları atacağı maraq doğurur. Eyni zamanda onunla Prezident Məsud Pezeşkian arasında mümkün narazılıq və rəqabətin olduğuna dair iddialar da gündəmdədir.

Həmçinin ABŞ və İsrailin Müctəba Xameneini hədəf ala biləcəyi ilə bağlı da məlumatlar yayılır.

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, Müctəba Xamenei de-fakto Əli Xameneinin varisi sayılsa da, ona çox ağır bir miras qalıb:

"İqtisadiyyatı çökmüş, infrastrukturu dağılmış, silahlı qüvvələri və hərbi potensialı zərər görmüş, ölkə imicinə ciddi zərbə dəymiş, qonşu dövlətlərlə münasibətləri kəskinləşmiş, iddialı və hikkəli bir hakimiyyət qalıb. Əvvəllər hakimiyyət daxilində iki xətt - mühafizəkarlar və islahatçılar mövcud idi. ABŞ və İsrailin hərbi əməliyyatlarından sonra bu xətlərin sayı arta bilər. Bu isə Müctəba Xameneini daxili narazılıqları toparlamaq və müharibəni idarə etmək üçün daha çox güc sərf etməyə məcbur edəcək.

Toparlanmaq və yenidən müqaviməti təmin etmək üçün Tehran hakimiyyətinin əvvəlki kimi canlı qüvvəsi, maliyyə, mənəvi və siyasi gücü yoxdur. Fələstində Qəzza sektorunda HƏMAS, Livanda "Hizbullah", Suriyada isə Bəşər Əsədlə bağlı baş verən hadisələr - yəni onların zəifləməsi və süqutu - Tehran hakimiyyətinin gücsüzlüyünün göstəricisidir. Əgər İranın əvvəlki gücü qalsaydı, həmin qüvvələri bu bölgələrdə saxlaya bilərdi. Ona görə də müharibə İranın proksi qüvvələrinin zəifləməsindən sonra ölkə daxilinə də sirayət edib.

Müctəba Xamenei ölkəni toparlamaqda ciddi çətinliklərlə üzləşəcək. ABŞ-ın onu ölümlə hədələdiyi barədə də məlumatlar yayılır. Digər tərəfdən İranda bir sıra şəxslərin - İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, İran Məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsüni, SEPAH-ın "Xatəm əl-Ənbiya" qərargahının komandanı Əli Abdullahi, İran parlamentinin sədri  Məhəmməd Bağır Qalibaf, SEPAH-ın baş komandanı Əhməd Vahidi kimi fiqurların da hədəfə alınması ehtimal edilir".

Siyasi şərhçi bildirib ki, ABŞ İran hakimiyyətinə proksi qüvvə kimi yanaşarsa, onun liderlərini yenidən hədəfə alma ehtimalı yüksəkdir:

Məsələn, HƏMAS-da İsmayıl Həniyədən sonra Yahya Sinvar öldürülmüşdü. Nəticədə təşkilat danışıqlar masasına oturdu və ABŞ Prezidenti Donald Trampın sülh planını qəbul etdi. Hazırda oxşar proses Livanda "Hizbullah"la bağlı da müşahidə olunur. Həsən Nəsrullah öldürüldükdən sonra digər rəhbər şəxslərin də sıradan çıxarılması ilə təşkilatın zəiflədilməsi istiqamətində addımlar atılır.

İranın keçmiş ali lideri Əli Xameneinin öldürülməsindən sonra onun yerinə gələn oğlu nə ictimai güc, nə də nüfuz baxımından Xameneidən üstün sayılır.

Digər tərəfdən, Məsud Pezeşkian İran hakimiyyətində fərqli mövqe tutan siyasi lider kimi görünür. Vaxtilə Həsən Ruhani və Məhəmməd Xatəmi də oxşar mövqe ilə çıxış edirdilər. Pezeşkian Qərblə danışıqlara tərəfdar olan daha liberal xətti təmsil edir. İranda mühafizəkar düşərgənin nümayəndələri isə tez-tez onun mövqeyini təkzib etməyə çalışırlar.

Pezeşkian fərd olaraq bu hakimiyyət üçün vacib fiqurdur. Çünki perspektivdə etiraz aksiyaları başlayarsa, cəmiyyətlə danışıqlar aparmaq üçün əsas siyasi simalardan biri məhz o ola bilər. Digər tərəfdən, Əli Xamenei vaxtilə Məsud Pezeşkianın prezident seçilməsini dəstəkləyib və onu təbrik edib. Bu baxımdan Xamenei ailəsinin Pezeşkiana qarşı sərt mövqe tutacağı ehtimalı azdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31