Trampın ziddiyyətli bəyanatları: İranın hərbi potensialı həqiqətənmi məhv edilib? – ÖZƏL

"Donald Tramp olduqca ziddiyyətli açıqlamalar verməsi ilə tanınan bir dövlət başçısıdır. Ümumiyyətlə, Trampın bəyanatları çox vaxt bir-birindən kəskin şəkildə fərqlənir və hətta bəzən bir-birini təkzib edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib. Ekspert bildirib ki, vaxtilə 12 günlük müharibədən sonra da Tramp bəyan etmişdi ki, İranın hərbi potensialı tamamilə sıradan çıxarılıb, nüvə obyektləri dağıdılıb və artıq İran nüvə silahı yarada bilməz. Lakin bir neçə ay keçdikdən sonra Ağ Ev rəsmiləri İranın qısa müddət ərzində nüvə silahı yarada biləcəyini bildirdilər və bundan sonra indiki müharibə başladı. Bu isə belə bir qənaət yaradır ki, Trump ya yanlış məlumatlar alır, ya da reallıqdan kənar mesajlar verməyə üstünlük verir. Bu da o deməkdir ki, onun xarici siyasəti və atdığı addımlar reallıqla tam uyğunlaşmır və bu siyasətdə ardıcıllıq da müşahidə olunmur.

"Digər tərəfdən nəzərə almaq lazımdır ki, ABŞ-nin İrana qarşı növbəti dəfə hərbi müdaxilə etməsi Vaşinqton üçün müəyyən ciddi problemlər də yaradıb. Hazırda Tramp administrasiyası ABŞ cəmiyyətində kəskin reaksiyalar və sərt tənqidlər ilə üzləşir. Həm ABŞ konqresində, həm də ABŞ senatında administrasiyanın siyasəti ciddi şəkildə tənqid olunur. Eyni zamanda bu müharibə ABŞ büdcəsinə də böyük maliyyə xərcləri hesabına başa gəlir. Təbii ki, bu reaksiyalar Trump administrasiyası üzərində ciddi təzyiq yaradır. Ona görə də ehtimal etmək olar ki, Ağ Ev İranla müharibədən mümkün qədər tez çıxmaqda maraqlıdır. Məqsəd isə ABŞ daxilində administrasiyaya qarşı genişlənə biləcək kütləvi etiraz dalğasının qarşısını almaqdır", - deyə ekspert əlavə edib.

E. Xalidbəyli qeyd edib ki, Tramp administrasiyası üçün hazırda olduqca çətin bir mərhələ başlayıb. Faktiki olaraq, həm Prezident Tramp, həm də onun yaxın siyasi çevrəsi ciddi seçim qarşısındadır: ya siyasi riskləri nəzərə alaraq müharibəni davam etdirməli, ya da bu risklər həddindən artıq təhlükəli olarsa, hansısa siyasi bəhanə ilə İranla müharibədən çıxmağın yollarını axtarmalıdır. Hazırda Ağ Evdə müəyyən qeyri-müəyyənlik hökm sürür və böyük ehtimalla Tramp administrasiyası çox ciddi qərar mərhələsinə daxil olub.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31