Dünyanın taleyi onlara tapşırılıb?
16:38 SiyasətABŞ prezidenti Donald Trampın ən çətin beynəlxalq münaqişələrin həllini diplomatlardan çox iki iş adamına - kürəkəni Cared Kuşner və xüsusi nümayəndə Stiv Uitkoffa həvalə etməsi Vaşinqtonda və beynəlxalq siyasət dairələrində ciddi müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, "Politico" nəşrində ABŞ prezidenti Donald Trampın xarici siyasətdə etibar etdiyi iki əsas fiqur - kürəkəni Cared Kuşner və xüsusi nümayəndə Stiv Uitkoff barədə diqqətçəkən təhlil dərc olunub.
Yazıda qeyd olunur ki, Tramp dünyanın ən mürəkkəb münaqişələrinin həllini məhz bu iki şəxsə həvalə edib. Onlar eyni vaxtda İran, İsrail-HƏMAS qarşıdurması, eləcə də Rusiya-Ukrayna müharibəsi üzrə danışıqlarda əsas rol oynayırlar.
Tramp isə onların fəaliyyətindən tam razıdır. "Politico"ya telefon müsahibəsində ABŞ prezidenti bildirib:
"Məncə, onlar əla iş görürlər. Belə adamları sadəcə işə götürmək mümkün deyil".
Yazı müəlllifi Diana Nerozzinin fikrincə, Tramp administrasiyası klassik diplomatiya modelindən fərqli olaraq danışıqlara biznes layihəsi kimi yanaşır. Yəni məqsəd böyük dövlət aparatını deyil, kiçik və çevik bir komandanı prosesə cəlb edib "böyük müqavilə" bağlamaqdır. Bu yanaşma həm Kuşnerin, həm də Nyu-York və Mayami daşınmaz əmlak bazarında fəaliyyət göstərmiş iş adamı Uitkoffun biznes təcrübəsinə əsaslanır.
Müəllfinin sözlərinə görə, bu iki şəxs bəzən bir gün ərzində bir neçə münaqişə üzrə danışıqlar aparır. Məsələn, ötən ay Cenevrədə onlar səhər saatlarında İran nümayəndələri ilə, günorta Ukrayna tərəfiylə, axşam isə Rusiya nümayəndələri ilə görüş keçiriblər.
Administrasiya hesab edir ki, belə model klassik diplomatik bürokratiyadan daha effektivdir. Danışıqların "yuxarıdan başlayaraq" kiçik komanda ilə aparılması həm də məlumat sızmasının qarşısını alır.
Tənqidçilər həmçinin Kuşner və Uitkoffun vasitəçilik etdiyi bir sıra proseslərin hələlik konkret nəticə vermədiyini vurğulayırlar. Məsələn:
Qəzza zolağında əldə olunan atəşkəs son dərəcə kövrəkdir;
Rusiya-Ukrayna müharibəsində hələ də sülh razılaşması yoxdur;
İranın uranı zənginləşdirmə proqramından imtina etməsi barədə danışıqlar nəticəsiz qalıb.
Bununla belə, Tramp optimistdir. O hesab edir ki, İranla müharibə belə Yaxın Şərqdə yeni siyasi razılaşmalar üçün imkan yarada bilər və daha çox ölkə İsraillə münasibətləri normallaşdıran "İbrahim razılaşmaları"na qoşula bilər.
Yazarın fikrincə, Kuşner və Uitkoffun əsas üstünlüyü onların Trampa birbaşa çıxış imkanına malik olmalarıdır. Məhz bu faktor bir çox dövlət liderləri üçün onları ciddi tərəfdaş edir.
Beləliklə, ABŞ administrasiyası klassik diplomatiya məktəbindən fərqli olaraq, böyük münaqişələri biznes müqaviləsi kimi həll etməyə çalışan yeni model qurmağa çalışır. Bunun nə dərəcədə uğurlu olacağını isə yaxın illərin hadisələri göstərəcək.