Diplomatiyada "Qonşu yardımı": Bakı və Tehran arasında yeni etimad körpüsü – ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutan telefon danışığından sonra Azərbaycan qonşu ölkəyə humanitar yardım göndərib. Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə yola salınan yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan çox su, 600 kq çay və təxminən 2 ton dərman və tibbi ləvazimat daxildir.

Bu humanitar yardımın İran-Azərbaycan münasibətlərinə və regional diplomatiyaya təsiri necə qiymətləndirilə bilər?

"Martın 8-də Bakı ilə Tehran arasında baş tutan telefon danışığından və münasibətlərin müzakirəsindən sonra Azərbaycan tərəfi İranla sərhədi yenidən bütün avtomobillər üçün açdı. Hətta İranın mövcud çətin vəziyyətini nəzərə alaraq humanitar yardım göstərilməsi ilə bağlı ölkə başçısı tərəfindən tapşırıq verildi və bu tapşırıq artıq bir gün sonra həyata keçirildi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, ümumiyyətlə, Azərbaycan bu cür addımları ilə region diplomatiyasında dəfələrlə nümayiş etdirib ki, ölkəmiz təkcə qonşu dövlətlərlə deyil, humanitar problemlərlə üzləşən bütün ölkələrlə həmrəylik göstərməyə çalışır. Azərbaycan həmişə çətin vəziyyətdə olan dövlətlərin yanında olub və onların ağır günündə humanitar yardım göstərib. Azərbaycan diplomatiyası tarixində bununla bağlı çoxsaylı faktlar göstərmək mümkündür. Bu cür addımlar eyni zamanda ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə, xalqlar və dövlətlər arasında qarşılıqlı etimadın və müsbət münasibətin güclənməsinə xidmət edir. Sözsüz ki, Azərbaycanın bu addımı da xeyirxah bir addım kimi qiymətləndirilə bilər. Məlumdur ki, hazırda İran ilə ABŞ və İsrail arasında gərginlik fonunda ölkədə ciddi humanitar problemlər mövcuddur. Azərbaycan regionda güclü və məsuliyyətli qonşu dövlət kimi belə addımlar atmaqla bir daha xoş məramını nümayiş etdirir və göstərir ki, qonşularla münasibətlərin yaxşı olması ölkəmiz üçün prioritetdir. Azərbaycan hər zaman qonşu dövlətlərə münasibətdə xoş niyyət və konstruktiv mövqe sərgiləyib.

"Bu addımların Azərbaycan üçün faydasına gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycan belə humanitar təşəbbüsləri yalnız fayda əldə etmək məqsədi ilə həyata keçirmir. Ölkəmiz çətin vəziyyətdə olan dövlətlərə dəstək göstərir və bunun müqabilində xüsusi təminat gözləmir. Bu, Azərbaycanın xarici siyasətinin və diplomatik ənənəsinin ayrılmaz hissəsidir. Bütün bunlar Azərbaycanın dünyada hansı mövqedə dayandığını və hansı prinsiplərə əsaslanan siyasət yürüt­düyünü nümayiş etdirir. Azərbaycan bütün hallarda milli və dövlət maraqlarından çıxış edir və görülən tədbirlər də məhz bu maraqlara uyğun şəkildə həyata keçirilir. Hesab edirəm ki, Azərbaycanın xarici siyasətində humanitar yardım diplomatiyası bundan sonra da davam edəcək və ölkəmiz bu istiqamətdə öz ənənəvi siyasətini qoruyacaq", - deyə ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31