Ərəb ölkələri anti-dron texnologiyası üçün Ukraynaya müraciət edib- ÖZƏL

"Müharibənin gedişində İranın dron hücumlarına məruz qalan Körfəz ölkələri dronlardan qorunmaq üçün Ukraynaya müraciət etdilər. Hətta ABŞ da belə bir təkliflə Ukraynaya müraciət edib". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib: "Uzun illər öz hava məkanını qorumaq üçün milyonlarla, hətta milyardlarla dollar investisiya yatıran ərəb ölkələri bir anda çətin vəziyyətlə üzləşdilər. Məlum oldu ki, bahalı və klassik hava hücumundan müdafiə texnologiyaları bəzi hallarda qarşıya qoyulan vəzifələri tam yerinə yetirə bilmir. Həm də  on min dollarlıq dronu məhv etmək üçün milyonlarla dollarlıq Patriotları xərcləmək lazım gəlirdi.
Ukrayna buna hazırdırmı?
Birmənalı olaraq bəli. Ukrayna anti-dron ekosistemini qura bilib. Uzun müddət Rusiya tərəfindən minlərlə "Shahed" hücumuna məruz qalan Ukrayna məcbur oldu ki, bahalı raketlərlə deyil, daha ucuz və kütləvi texnologiyalarla cavab versin. 
Bunun üçün Ukrayna xeyli öncədən, startaplara, biznes sektora  təhsil və elm sektoruna müraciət etmişdi. Onlar üçün münbit şərait yaratmışdı. Elmi tədqiqat institutları və universitetlər bu prosesə aktiv şəkildə cəlb olunub
Hazırda Ukraynada Defence Tech sahəsində 2000-dən çox startap fəaliyyət göstərir. Artıq bu sahədə böyük və dinamik bir Defence Tech ekosistemi yaranıb. Yeni hərbi texnologiyalar qısa müddətdə hazırlanır və real döyüş şəraitində sınaqdan keçirilir.
 Ukrayna yalnız ölkə daxilində deyil, Böyük Britaniya, Almaniya və digər Avropa ölkələrində də öz hərbi texnologiyalarının istehsalını təşkil etməyə başlayıb.
Hazırda dünyanın müxtəlif ölkələrindən dron və hərbi texnologiya şirkətləri ərazisində müharibə gedən Ukraynada ofislər açır, məhsullarını real döyüş şəraitində test edir və inkişaf etdirirlər. Hətta belə bir fikir də formalaşıb ki, əgər hansısa hərbi texnologiya startapının Ukraynada ofisi yoxdursa, demək olar ki, o hələ real bazara daxil olmayıb.
Son illərdə isə Ukrayna rəhbərliyi bu hərbi texnologiyaların yerli tələbatdan xeyli artıq olmasını nəzərə alaraq eksportuna icazə verib.
Ukrayna uzun müzakirələrdən sonra ötən ilin sonundan etibarən hərbi texnologiyaların ixracı ilə bağlı yeni qanunvericilik də qəbul edib. 
Bir neçə gün əvvəl Kiyev Aviasiya İnstitutunun tələbələrlə görüşdə Prezident Volodimir Zelenski dron ixracından ildə 2 milyard dollar gəlir əldə etməyi hədəflədiklərini açıqlayıb.Yəni görünən odur ki, dünənədək "Shahed" dronlarıyla vuruşan Ukrayna bu gün həmin dronlara qarşı hərbi texnologiya və təcrübə ixrac edən mərkəzə çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31