İranla bağlı plan boşa çıxdı, Tramp hərəkətə keçdi: Netanyahu təklifə “hə” deyəcək?

ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin martın 10-da İsrailə səfər edəcəyi gözlənilir. Məlumata görə, onlar səfər çərçivəsində baş nazir Benyamin Netanyahu ilə görüşəcəklər.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp "The Times of Israel" qəzetinə verdiyi açıqlamada İrana qarşı əməliyyatların dayandırılması qərarının Netanyahu ilə məsləhətləşmələr əsasında veriləcəyini demişdi. Tramp qeyd edib ki, bu əməliyyatlar onun əvvəl planlaşdırdığından daha tez başa çata bilər.

ABŞ nümayəndələri Netanyahu ilə nəyi müzakirə edəcəklər? Müharibənin sonuna yaxınlaşıldığını göstərən hər hansı bir işarə varmı?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Donald Tramp müharibə başlanandan qısa müddət sonra verdiyi açıqlamada İranda aparılan əməliyyatların 4-6 həftə davam edə biləcəyini qeyd etmişdi:

"İsrail tərəfindən verilən açıqlamalar da müharibənin müəyyən müddət davam edəcəyini göstərirdi. Yəni ilkin mərhələdə Tramp əməliyyatların 15-20 gün ərzində başa çatacağını düşünürdüsə, sonradan yaranan vəziyyət ABŞ və İsrailin bu müddətdə hədəflərinə tam çata bilməyəcəyini göstərdi. Çünki müharibənin gedişi, xüsusilə də quru əməliyyatlarının keçirilməməsi belə nəticəyə gəlməyə əsas verir.

İran tərəfindən verilən açıqlamalar, eyni zamanda Tehranın cavab zərbələri və hücumlara reaksiyası onun müdafiə potensialının gözləniləndən daha güclü olduğunu ortaya qoydu. Doğrudur, İran ilk günlərlə müqayisədə ABŞ və İsrail hədəflərinə daha az zərbə endirir, lakin yenə də nəticə əldə etməyə çalışır. Hazırda İranın istifadə etdiyi silahlar kəmiyyət baxımından deyil, daha çox keyfiyyət baxımından seçilməyə başlayıb.

ABŞ və İsrail ilkin hədəf kimi İranın ballistik raket istehsalı müəssisələrini və bu raketlərin saxlandığı anbarları sıradan çıxarmağa çalışdı. Müəyyən qədər buna nail olunduğunu demək mümkündür. Bu, İranın zərbə vurmaq imkanlarını azaltsa da, Tehranın hərbi potensialı hələ də qalmaqdadır. Tramp özü də əməliyyatlardan əvvəl müəyyən hesablamalar aparmışdı. Yəni İranda bəzi mühüm şəxslərin zərərsizləşdirilməsi və infrastruktur obyektlərinə zərbələrin endirilməsi kimi hədəflər müəyyən qədər reallaşsa da, Tehran kapitulyasiya etmək və ya hər hansı razılaşma imzalamaq niyyətində deyil".

Politoloq bildirib ki, Trampın aprel ayında Çinə səfəri planlaşdırılır:

"Bu səfərlə o, noyabr ayında keçiriləcək aralıq seçkilərə hazırlaşmaq istəyir. Görünən odur ki, ABŞ-da bir çox nüfuzlu siyasi mərkəzlər müharibənin uzun çəkə biləcəyini düşünür.

Böyük ehtimalla, Tramp müharibəni mümkün qədər tez yekunlaşdırmağa çalışacaq və bu məsələ İsraillə razılaşdırılacaq. Lakin elə də asan proses olmayacaq. Çünki müharibənin başlanmasında əsas təşəbbüskar tərəflərdən biri məhz İsrail idi. Müharibənin yaxın bir-iki həftə ərzində başa çatması real görünmür, lakin Trampın müəyyən addımlar atacağı gözlənilir.

Məsələn, İranın bir sıra gəmiləri vurulub və batırılıb. Bundan başqa, İranın ballistik raket sistemlərinə ciddi zərər dəyib. Xüsusilə raketlərin buraxılış sistemləri və ehtiyatları hədəfə alınıb. Eyni zamanda xüsusi əməliyyatların keçirilməsi də mümkündür. Tramp bu addımları atarsa, hədəflərinə çatdığını elan edərək müharibədən çıxmaq qərarı verə bilər".

Turan Rzayev
Globalinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31