"Bizi arxadan vurdular" – Qətər baş nazirindən İrana "xəyanət" ittihamı
12:51 SiyasətQətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani "Sky News" telekanalına verdiyi müsahibədə İranın Körfəz ölkələrinə qarşı son hücumlarını "xəyanət" adlandırıb.
Musavat.com xəbər verir ki, martın 9-da yayımlanan müsahibədə Baş nazir Tehranın bu addımının regiondakı bütün etimad mühitini darmadağın etdiyini bildirib.
Şeyx Məhəmməd müharibənin başladığı ilk saatlardan etibarən Qətər və digər qonşu ölkələrin hədəf alınmasını əvvəlcədən planlaşdırılmış bir hərəkət kimi qiymətləndirib: "Bu, dərin bir xəyanət hissidir və artıq ikinci dəfədir baş verir. Görünür, hücum qabaqcadan hazırlanıb. Müharibə başlayan kimi, bəlkə də cəmi bir saat sonra Körfəz ölkələri dərhal hücuma məruz qaldı". Baş nazir vurğulayıb ki, Qətər illərdir İran və ABŞ arasında diplomatik körpü rolunu oynayıb və qonşularına qarşı heç bir hərbi əməliyyatda iştirak etməyəcəyini dəfələrlə bəyan edib.
"İranlıların bu səhv hesabı hər şeyi məhv etdi. Biz onlara sülh və diplomatiya yolu ilə kömək etməyə çalışırdıq, lakin onlar mülki infrastrukturu, hava limanlarını və su obyektlərimizi hədəf aldılar," - deyə Şeyx Məhəmməd əlavə edib.
Qeyd edək ki, martın əvvəlindən bəri Qətər hava məkanı dəfələrlə İran raketləri və dronları tərəfindən pozulub, hətta paytaxt Doha üzərində iki İran "Su-24" bombardmançısı vurulub. Baş nazir İranı dərhal hücumları dayandırmağa çağırsa da, "Onlar bizim qonşumuzdur, bu bizim taleyimizdir" deyərək hələ də gərginliyi azaltmaq üçün dialoqa yer qaldığını eyham edib.