Azərbaycanlı alim UNESCO Türkiyə Milli Komissiyasının başqanı Öcal Oğuzla görüşüb

Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İctimai Birliyinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Aydınqızı (İbrahimova) Ankarada UNESCO Türkiyə Milli Komissiyasının başqanı, professor Mehmet Öcal Oğuz ilə görüşüb.

Görüş zamanı türk xalqlarının zəngin qeyri-maddi mədəni irsinin araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Aynur Aydınqızı vurğulayıb ki, Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İctimai Birliyi türk xalqlarının mədəni irs nümunələrinin araşdırılması, sənədləşdirilməsi və təbliğini qarşıya məqsəd qoyub.

Bildirilib ki, Birliyin fəaliyyəti "Azərbaycan mədəniyyəti - 2040" Konsepsiyasında müəyyən edilmiş milli kimliyin qorunması, mədəni irsin davamlı inkişafı və mədəni müxtəlifliyin təşviqi prinsiplərinə əsaslanır. Birliyin əsas məqsədlərindən biri qeyri-maddi mədəni irs nümunələrinin elmi əsaslarla identifikasiyası, sistemləşdirilməsi və qorunması mexanizmlərinin inkişafına töhfə verməkdir.

Görüşdə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş çoxmillətli irs nümunələrinin qorunması və sənədləşdirilməsi məsələləri də müzakirə olunub. Bu çərçivədə türk xalqlarının ortaq qeyri-maddi mədəni irs elementlərinin birgə tədqiqi, elmi layihələr vasitəsilə sənədləşdirilməsi və beynəlxalq platformalarda təqdimatı istiqamətində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Eyni zamanda qeyri-maddi mədəni irsin qorunması, tədqiqi və beynəlxalq miqyasda təbliği ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Ankara Hacı Bayram Vəli Universitetinin professoru Konuralp Ercilasun, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, professor Hikmət Quliyev və UNESCO üzrə Türkiyə Milli Komissiyasının baş katib müavini vəzifəsini icra edən Özge Züleyha Ömeroğlu da iştirak edib.

Tərəflər onu da vurğulayıblar ki, qeyri-maddi mədəni irs yalnız tarixi yaddaşın elementi deyil, həm də müasir dövrdə milli kimliyin formalaşmasında, sosial birliyin möhkəmlənməsində və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayan canlı mədəni dəyərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31