İranbazlara cavabım var!

İsraili də, Amerikanı da tənqid etmək olar. Onları imperialist güclər adlandırmaq da olar, lap elə lənətləmək də...  Günahsız insanların öldüyü bütün müharibələri qınamaq, buna sərt və radikal münasibət bildirmək də təbiidir. Mən də günahsız insan ölümünü qınayıram və buna qarşıyam! 

Amma bir məsələ var. Bu qınağın içində təriqət sevdası hiss olunanda, İranın, heç vaxt Azərbaycana dost olmayan molla rejiminin məhv olmasına kədərlənəndə məsələ dəyişir, qardaş, həm də çox dəyişir.  O zaman sən artıq Azərbaycan dövlətçiliyinin, millətinin yanında dayanmırsan. Əksinə, onun qarşısında dayanmış olursan. Çünki başqalarının Azərbaycana qarşı düşmənçiliyinin əllə tutulacaq heç nəyi yoxdur, amma İran, molla rejiminin var! Hətta bu İran Turan ədavəti qədər qədimdir! 

Xomeyninin qurduğu radikal, təriqətçi bir dövlətin liderlərinin ölümü özünü milli ruhlu adlandıran heç kimi kədərləndirə bilməz. Əgər kədərləndirirsə, əsəbiləşdirirsə, içini yandırırsa, deməli, o adam ağasının sadiq quludur, yolunun yolçusudur! 

Mən heç vaxt din adı altında hansısa üləmanın, şeyxin, mollanın əsirinə çevrilənləri başa düşməmişəm, bundan sonra da başa düşməyəcəyəm. Hələ bu adamlar ziyalı ola, mənə görə ən cahili onlardır,  nəinki nəsə oxumadan, bilmədən, bu yolun yolçusu olan sadə insanlar! 
Özünü İslama inanan sayıb, amma Sistaninin, Fətullah Gülənin, Nursinin, Xomeyninin, Vahhabın fərq etməz, hansısa allah əlverçisinin yolçusuna çevrilənlərin etdiyi şey, məncə, Allaha şərik qoşmaqdan başqa bir şey deyil. 

Get kitabını oxu, namazını qıl, ibadətini et, dinini yaşa da...  Əl çək bu ümmət sevdasından, elə bu ümmət sevdasını ümmət deyənlər parçalamadımı? Bir sünni, biri şiə, biri sələfi, biri şafi, hənəfi və sairə deyərək yox etmədilərmi bu ideyanı. Elə onların da birincisi İranın siyasiləşdirdiyi şiəçilik deyilmi ki, bu gün qonşuluğunda olan bütün müsəlman dövlətlərə düşməndir! Sən bunu İmam Hüseyn yolu, Xamanenini də onun davamçısı adlandıranda, bitmisən! 

Bir tərəfdən "mən milliyəm" deyirsən, o biri tərəfdən 30 milyon azərbaycanlıya gün verməyən, işıq verməyən fars molla rejiminin fanatı kimi görünürsən. Bu nə məntiqdir? Buna qarşı olanların reaksiyasından da özündən çıxıb, aqressivləşirsən! 

Mən  belə şəxslərə bir sual verim, heç olmasa özlərinə etiraf etsinlər: sabah Amerika ilə Çin arasında müharibə çıxsa, oradakı uyğurların taleyini düşünərək Çin rejiminin məhv olmasına razı olmayacaqlarmı? Olacaqlar. Çünki onlara görə uyğurlar müsəlmandır. İran isə radikal şiə ideologiyası dövlətidir. O zaman onlar bu mövqeyində müharibəyə qarşı çıxanlardır, yoxsa, aftafanın yuya bilmədiyini yumağa çalışanlar? 

Bir şeyi də açıq deyim: mən də şiəyəm. Amma mənim şiəliyim Pəhləviçiliyin, Xumeyniçiliyin siyasi ideologiyasının üfunəti deyil. Mənim şiəliyim dədəmın, babamın saf və sadə inancı kimidir. Dinimi yaşayıram, siyasətin, təriqətin və molla hakimiyyətinin alətinə çevirmədən. 
Dövlətimin də siyasətini dəstəkləyərək! Azərbaycan şiələri iranlaşmamış, siyasiləşməmiş, xumeyniləşməmiş vətəninə, dövlətinə bağlı insanlardır! Sən də çalış onların düşüncəsini qarışdırma, dövlətmi, dinmi qarşısında qoyma! 
Hardan baxırsan bax, İran Azərbaycana dost dövlət olmayıb, olmayacaq da! Bəlkə, düşmən bildiyiniz İsrail Molla rejimini darmadağın etsə, yerində normal bir dövlət qurula, o zaman həm öz insanalarına, həm də qonşularına hörmət edən bir dövlətə çevrilə!
Şəmil Sadiq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31