İstənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İran bunu unutmamalıdır

Martın 5-də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirildi. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, regionda gərginliyin artmasına xidmət edir. Azərbaycan dövləti bu terror aktına sərt reaksiyasını bildirdi. Xarici İşlər Nazirliyinin bəyanatında bir daha vurğulandı ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək. O da qeyd edildi ki, İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik. Martın 5-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Cənab İlham Əliyev "Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir" bəyan edərək onu da əlavə etdi ki, dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik".

"Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İran Azərbaycana əsassız ittihamlar irəli sürdü: "İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Cənab İlham Əliyev sözügedən çıxışında İranın bu addımını belə əsaslandırdı ki, çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü.  Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir".

Malik Həsənov Azərbaycanın 30 illik işğala son qoyaraq ədaləti və beynəlxalq hüququ bərpa etdiyini xüsusi vurğulayıb: "30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarına diqqət yetirsək Azərbaycana qarşı nə qədər əsassız fikirlərin səsləndirildiyini, əks təbliğat kampaniyası aparıldığını görərik. Lakin Azərbaycan bütün təzyiqlərə, belə əsassız təbliğatlara baxmayaraq beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək  torpaqlarını işğaldan azad, ədaləti bərpa etdi. Cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında da bu məqamlara diqqəti yönəldərək bildirdi ki, biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı "Dəmir yumruq" vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək".

Millət vəkili bildirib ki, Azərbaycan hər zaman münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına, səmimiyyətə böyük önəm verir: "Qonşuluq prinsipinə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. İranda son hadisələrlə bağlı Azərbaycan dövlətinin mövqeyi bunu bir daha təsdiqlədi. Azərbaycan dar gündə olan ölkələrə dəstəyini əsirgəməyib və əsirgəmir. Ölkəmizin İrana qarşı bütün bu xoş niyyətli addımları və təşəbbüsləri fonunda belə terror aktının törədilməsi   qəbuledilməzdir. Dövlətimizin başçısı İlham Əliyev bu məsələyə dair mövqeyini bildirdi: "Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək."

Malik Həsənov vurğulayıb ki, Azərbaycan hər zaman əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir. Ölkəmizin sülhə, təhlükəsizliyə, tərəfdaşlığa çağırışları real addımlarında özünün aydın ifadəsini tapır. Dövlətimizin xarici siyasətinin prinsipləri dəyişməzdir. Heç bir dövlət Azərbaycanla güc dilində danışa bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31