Like Uğrunda İtirilən Akademik Ciddiyyət
12:22 SiyasətBəzən sosial şəbəkələrdə paylaşılan şəkillərə baxanda ilk diqqət çəkən məqam məzmun yox, jest və davranış tərzidir. Elə əl-qol hərəkətləri, elə süni pozalar olur ki, sanki qarşımızda ciddi bir peşə sahibi yox, diqqət toplamaq üçün görüntü yaradan təsadüfi bir "tik-tok fenomeni" dayanıb. Daha sonra isə məlum olur ki, həmin şəxs cəmiyyət üçün nümunə ola biləcək bir peşənin sahibidir - müəllimdir, alimdir, həkimdir və ya dövlət qurumunda məsul vəzifədə çalışır.
Problem də məhz buradan başlayır. Sosial şəbəkələr insanın şəxsi məkanı olsa da, bəzi peşələr var ki, onların daşıyıcıları ictimai nümunə sayılır. Bu insanlar istər-istəməz yalnız özlərini deyil, təmsil etdikləri peşəni, institutu və hətta bir dəyər sistemini təmsil edirlər. Ona görə də görüntü mədəniyyəti, davranış üslubu və təqdimat forması təsadüfi olmamalıdır.
Təəssüf ki, bəzən sosial media mədəniyyəti ilə peşə etikası arasındakı sərhəd itir. Populyarlıq qazanmaq istəyi bəzilərini ucuz jestlərə, süni mimikalara və qeyri-ciddi təqdimata aparır. Nəticədə isə gənc nəsil qarşısında ciddi bir rol modeli olması gərəkən insanlar, əksinə, səviyyəsiz rəqəmsal davranışın nümunəsinə çevrilirlər.
Unutmaq olmaz ki, sosial şəbəkələr sadəcə foto paylaşmaq platforması deyil; bu, həm də ictimai imic formalaşdıran bir məkandır. Peşə sahibi olan insanın davranışı, danışığı, jesti və təqdimatı onun intellektual səviyyəsi haqqında ilkin təsəvvürü yaradır. Bəzən bir şəkil, bir jest illərlə qurulmuş akademik və ya peşəkar nüfuzun üzərinə kölgə sala bilir.
Cəmiyyətin nümunə göstərdiyi insanlar sosial mediada da məsuliyyət hissini unutmamalıdırlar. Çünki gənclər təkcə onların dediklərinə deyil, həm də necə göründüklərinə, necə davrandıqlarına baxaraq nəticə çıxarırlar.
Nümunə olmaq təkcə göstərməlik biliklə deyil, davranış mədəniyyəti ilə də ölçülür.
Zahid Fərrux Məmmədov
İqtisad elmləri doktoru, professor