İran niyə Azərbaycana qarşı vuruşur?

ABŞ və İsrailin İrana hücumu nəticəsində öldürülmüş ali dini lider Əli Xameneinin yerinə Ali Ekspertlər Şurasının onun oğlu Müctəba Xameneini hakimiyyətə gətirmək planını açıqladığı və bununla bağlı iclas keçirməyə hazırlaşdığı barədə məlumatdan sonra ABŞ prezidenti Donald Tramp Əli Xameneinin varisi və oğlu Müctəba Xameneinin İranın ali dini lideri seçilməsinə qəti etirazını bildirdi. İsrail isə hakimiyyətə gələcək hər bir dini liderin məhv ediləcəyi barədə xəbərdarlıq edib.
Donald Tramp bu çıxışından sonra Müctəba Xameneinin hakimiyyətə gətirilməsi təhlükəsizlik bəhanəsi ilə təxirə salındı. Əslində isə vəziyyət daha acınacaqlıdır. İran parlamentinin üzvü Möhsün Zəngne bildirib ki, ali dini lider Əli Xamenei və SEPAH komandiri Məhəmməd Pakpur öldürüldükdən sonra heç kim bu vəzifələri tutmaq istəmir. Bu məsələ həm də İranın silahlı və təhlükəsizlik xidmətlərində ən yüksək vəzifələri tutan şəxslərin İsrail və ABŞ-a casusluq etməsi ilə bağlı şübhələrlə əlaqələndirilir. Hətta "Nationalnews" nəşrinin məlumatına görə, SEPAH-ın "Əl-Qüds" xüsusi bölməsinə komandanlıq etmiş general İsmayıl Qaani İsrailin "Mossad" kəşfiyyatına casusluq etdiyi üçün edam edilib.
Eyni zamanda Donald Trampın İranın hərbi dəniz donanmasının tamamilə məhv edilməsini, eləcə də hərbi hava müdafiə sisteminin əsas hissəsinin sıradan çıxarılması və bir həftəyə bütün İran səmasının nəzarətə götürüləcəyini barədə açıqlaması artıq İranın taleyi ilə bağlı konkret bir nəticəni ortaya çıxarır.
Hazırda İranda dini-teokratik rejimin nümayəndələrinin hakimiyyət vəzifələrinə təyinatının yubadılmasına, ABŞ prezidenti Donald Trampın təzyiqləri və strategiyasının İranın qərarlarına təsiri də şübhəsizdir.
Prosesdə SEPAH-ın bir güc strukturu kimi ləğvi əsas şərtlərdən biridir. Bir müddət əvvəl SEPAH bir neçə Qərb dövləti tərəfindən terror təşkilatı kimi də tanınıb.
Hücuma qədər İranın bütün ssenarilərə hazırlığı özünü siyasi və hərbi rəhbərlərinin məhvi, hakimiyyətin vahid idarəetmə sisteminin dağılması, dövlət qurumlarının, hərbi qrup və birliklərin müstəqil fəaliyyətinin nəzərdə tutulan plan üzrə hərəkəti ilə özünü büruzə verdi. Ancaq ölkədə artıq xaotik vəziyyət yaranıb, getdikcə böyüyür və daha çox hərbi sistemi əhatə edir. Məlumatlara görə, zabitlərin ordudan yayınması genişlənir və hətta bəzi yüksək rütbəli zabitlər İranda qadın hicab geyimindən istifadə edir ki, zərbələrdən yayına bilsinlər.
İranda daxili nizam və ordu müqaviməti, İrandan Türkiyə və Azərbaycana edilən hücumlardan sonra kəskin pozulub. Hətta ABŞ və İsrailin hücumlarına nisbətdə Azərbaycan və Türkiyəyə hücumun effekti əhəmiyyətli təsir göstərib, ictimai fikir ayrılığını dərinləşdirib. Azərbaycana edilən hücum və Azərbaycanın qəti mövqeyi və tələbi nəticəsində 40 milyonluq azərbaycanlılar arasından ordudan yayınma halları artıb.
Əlbəttə ki, proses onu sübut edir ki, artıq İran dövlətinin teokratik rejimi süqutunun son dövrünü yaşayır. Düşünürəm ki, İranda hakimiyyətə liberal və qərb yönümlü şəxsin gətirilməsi vəziyyətdən çıxış ola bilər. Hal-hazırkı vəziyyətdə İranın qanuni əsaslarla seçilmiş prezidenti Pezeşkianın mütləq hakimiyyətə gətirilməsi həm Avropa, həm ABŞ və İsrailin yanaşması, həm də Azərbaycan və Türkiyə faktoru ilə uyğun və məqbul variant hesab olunur. Yeri gəlmişkən, Donald Tramp Rza Pəhləvinin də taxta qaytarılmasının dəfələrlə əleyhinə çıxış edib. Ancaq nə ABŞ, nə də İsrail Pezeşkianın İranda vahid lider kimi hakimiyyətinə qarşı çıxmayıb.
Vüqar Dadaşov
Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31