DTX-dan unikal əməliyyat: SEPAH Bakıda bu əraziləri partlatmaq istəyib - VİDEO

Azərbaycanda böyük terror təxribatının qarşısının alındığı məlum olub.

Olaylar.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həyata keçirilən kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən ölkəmizdə planlaşdırılan terror aktlarının qarşısı alınıb.

DTX-nın yaydığı məlumata görə, planlaşdırılan təxribatların məqsədi cəmiyyətdə vahimə yaratmaq, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq olub. Araşdırma zamanı müəyyən edilib ki, terror planında bir sıra strateji və həssas obyektlər hədəf seçilib. Bunların sırasında Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ yəhudiləri dini icmasının rəhbərlərindən biri və "Aşkenazi" sinaqoqu da yer alıb.

Məlumata əsasən, ölkə ərazisinə ümumilikdə 3 ədəd partlayıcı qurğu keçirilib. Lakin DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həmin partlayıcı qurğular vaxtında aşkar edilərək zərərsizləşdirilib və onların digər şəxslərə ötürülməsinin qarşısı alınıb.

Əməliyyat-axtarış tədbirləri zamanı İran xüsusi xidmət orqanlarının Azərbaycanda maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması istiqamətində araşdırmalar aparılıb. Məlum olub ki, İran vətəndaşları Rüstəmzadə Behnam Sahibali və Zankiyan Yaser Rahim əvvəlcədən əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğuların keçirilməsi üçün Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıblar.

Zankiyan Rahimin tapşırığı ilə Səbail rayonunun Şıxov qəsəbəsi yaxınlığında yerləşdirilmiş naməlum konteyner aşkar olunub. Konteynerə baxış zamanı içərisində obyektlərin və beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kiloqram 730 qram C4 tipli partlayıcı maddə olduğu müəyyən edilib.

DTX-nın əməliyyat çəkilişlərində Tərxan Quliyevin Nicat Ağayevlə birlikdə avtomobillə gələrək konteyneri götürdüyü, daha sonra isə partlayıcı qurğunu Bakı şəhərinin Nəsimi rayonu ərazisində gizlətdiyi müəyyən edilib.

Hazırda İran xüsusi xidmət orqanlarının ölkəmizdə planlaşdırdığı digər mümkün təxribatların, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31