Azərbaycan-Belarusun müdafiə nazirləri İranın Naxçıvana PUA hücumlarını müzakirə ediblər

Martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin təşəbbüsü ilə telefon danışığı olub.

Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Tərəflər İran İslam Respublikası ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarını müzakirə ediblər.

General-leytenant V.Xrenin Belarus Respublikasının bu tip hücumları qəti şəkildə pislədiyini diqqətə çatdıraraq ölkəmizə zəruri dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.

Nazirlər həmçinin, ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, texniki vasitələr İran İslam Respublikasının silahlı qüvvələrinin hücumlar həyata keçirmək üçün Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuz uçuş aparatı (PUA) göndərdiyini aşkar edib. Onlardan biri Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib, digərləri isə dərslər zamanı orta məktəb də daxil olmaqla mülki infrastruktur obyektlərini hədəfə alıb.
Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıb və məktəbin yaxınlığında qəzaya uğrayıb partlayıb.

Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq, İran İslam Respublikasından vəziyyəti dərhal aydınlaşdırmasını, izahat verməsini və oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün lazımi təcili tədbirlər görməsini tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31