Zeynal Əmrəliyev: "İran özünə zərər gətirəcək bir vəziyyət yaradır" – ÖZƏL
6 Mart 17:47 Siyasət"İranın martın 5-də Naxçıvana qarşı həyata keçirdiyi hücum qonşuluq siyasətinə ziddir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan bu müddət ərzində maksimum dərəcədə təmkinli və mehriban qonşuluq siyasəti yürütməyə çalışırdı. Hətta rəsmi şəkildə bəyan edilmişdi ki, Azərbaycan ərazisindən İrana qarşı hər hansı əməliyyatın həyata keçirilməsinə icazə verilməyəcək və ölkə ərazisindən İrana qarşı istifadə olunmasına yol verilməyəcək. Bundan əlavə, Azərbaycan prezidenti İlham Əliyev dünyada ilk dövlət başçısıdır ki, İran səfirliyinə gedərək şəxsən İranın ali dini rəhbəri Əli Xameneinin ölümü ilə bağlı başsağlığı verdi. Eyni zamanda, İrandan digər ölkələrin vətəndaşlarının təxliyə olunması, o cümlədən İranın Livandakı səfirliyinin əməkdaşlarının İrana evakuasiyası prosesində də Azərbaycanın dəstək göstərməsi faktları ölkəmizin mehriban qonşuluq siyasətinə sadiqliyini açıq şəkildə ortaya qoyurdu. Lakin paralel olaraq İrandan Azərbaycana qarşı atılan bu addım iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirə biləcək bir addımdır. Əslində biz bundan əvvəl də İrandan bir sıra anlaşılmaz və qeyri-dost addımların şahidi olmuşuq. Məsələn, İranın dini dairələrinin nümayəndələrinin, o cümlədən Ərdəbilin imam-cüməsinin Azərbaycan əleyhinə verdiyi açıqlamalar buna nümunədir. Qeyd etmək lazımdır ki, həmin şəxs İranın ali dini rəhbərinin nümayəndəsi hesab olunur və buna baxmayaraq onun səsləndirdiyi fikirlərə rəsmi şəkildə reaksiya verilmədi. Eyni zamanda "SEPAH" generallarının Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatlar da İran dövləti tərəfindən təkzib olunmadı və ya dayandırılmadı. Beləliklə, uzun müddətdir ki, İrandan Azərbaycana qarşı müxtəlif fəaliyyətlərin və açıqlamaların şahidi oluruq.
"Digər tərəfdən, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı həyata keçirilmiş hücum da yaddaşlardadır. Həmin hücumu törədən şəxsin uzun müddət müəyyən dairələr tərəfindən İranda himayə olunması ciddi suallar doğurmuşdu. Nəticədə isə həmin şəxs layiq olduğu cəzanı aldı. Bu hadisə bir daha göstərdi ki, mollalar hakimiyyətinin mahiyyəti və yanaşması nədir. Bütün bunlara baxmayaraq, Azərbaycan öz təhlükəsizliyini qorumaq gücündə olan dövlətdir. Prezident də çıxışlarında bu məsələni xüsusi vurğulayıb və bildirib ki, ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün lazım olan addımlar atılacaq. Bu baxımdan İran tərəfi belə məsələlərdə daha düşünülmüş və ehtiyatlı davranmalıdır. Çünki Azərbaycanla münasibətlərin pisləşməsi ilk növbədə İranın özünə zərər gətirə biləcək bir vəziyyət yarada bilər", - deyə ekspert əlavə edib.
Lamiyə Cəbrayılova