NATO-nun 5-ci maddəsi nə vaxt tətbiq olunur? – İran münaqişəsi fonunda izah- ÖZƏL

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda NATO-nun baş katibi Mark Rutte bildirib ki, alyans ölkələri ABŞ-a siyasi dəstək verir və İrana qarşı hərbi əməliyyatları dəstəkləyir. O, həmçinin kollektiv müdafiəni nəzərdə tutan NATO-nun 5-ci maddəsinin tətbiqinin də tam istisna olunmadığını qeyd edib.
NATO-nun 5-ci maddəsi nəyi nəzərdə tutur, alyans İranla münaqişəyə birbaşa qoşula bilərmi və bu maddənin tətbiqi regionda müharibənin daha geniş coğrafiyaya yayılmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" NATO-nun nizamnaməsinin beşinci maddəsi mahiyyət etibarilə ondan ibarətdir ki, NATO üzvü olan ölkələrdən hər hansı biri hər hansı biri hərbi təcavüzə məruz qalarsa, o zaman Alyansın digər üzvləri ona hərbi dəstək vermək barədə qərar qəbul edə bilərlər. Hazırkı şəraitdə ABŞ-ın İranda apardığı savaşa gəldikdə isə, bu, Amerikanın həyata keçirdiyi hərbi əməliyyatdır. Bu baxımdan NATO-nun nizamnaməsinin beşinci maddəsinin hələlik işləməsinə hansısa bir ehtiyac yoxdur. Əgər İran ABŞ-ın öz ərazilərini hədəf alarsa, yaxud onun həyati maraqlarına zərbə vurarsa, hərbi bazalarına və ya digər mülkiyyətinə hücum edərsə, o zaman NATO ölkələri bununla bağlı hansısa qərarlar verə bilər. Amma ümumən NATO-nun nizamnaməsinin beşinci maddəsi təcavüzə məruz qalma ilə bağlıdır. Hazırkı şəraitdə isə ABŞ özü İrana qarşı hərbi əməliyyat həyata keçirir.
NATO-nun bu prosesə qoşulmasına gəldikdə isə, bəzi NATO üzvləri artıq ABŞ-ı dəstəkləyir. Konkret olaraq Böyük Britaniya artıq bölgəyə, Qatara əlavə olaraq dörd hərbi təyyarə göndərir. Fransa özünün hərbi bazalarını ABŞ-ın ixtiyarına verir. Bundan başqa, Almaniya da İranla bağlı məsələdə ABŞ-a dəstək verir. Yəni, bu baxımdan NATO-nun bəzi ölkələri tam miqyasda olmasa da, müəyyən çərçivələr daxilində bu prosesdə iştirak edir.
Amma NATO-nun özünün tam şəkildə bu prosesə qoşulması həm zaman aparacaq, həm də bütün ölkələrin bu prosesə birmənalı şəkildə qoşulması hələlik çox da asan məsələ deyil. Digər tərəfdən, belə bir proses baş verərsə, bu, münaqişənin bir qədər böyüməsinə gətirib çıxara bilər. Amma düşünürəm ki, ABŞ və İsrailin İranla bağlı mümkün əməliyyatlarında NATO ölkələrinin digər üzvlərinin geniş miqyasda iştirakı ilə bağlı savaşa ciddi ehtiyac olmayacaq. Onsuz da qeyd etdiyim kimi, NATO-ya daxil olan ölkələrin əksəriyyəti bu prosesdə müəyyən dəstək verirlər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31