Çin və ABŞ arasında enerji və ticarət balansı: strateji danışıqların əsl məqsədi- ÖZƏL

ABŞ Maliyyə naziri Skott Bessent çinli həmkarı He Lifeng ilə keçiriləcək görüşdə Pekinin Rusiya və İran neftindən asılılığını azaldaraq, ABŞ-dan enerji idxalını artırması məsələsini müzakirə edəcək. Danışıqlar masasında həmçinin "Boeing" təyyarələrinin satışı, soya ixracı və Çinin kritik minerallar üzərindəki nəzarətinin yumşaldılması yer alır.
Bu müzakirələr ABŞ Prezidenti Donald Trampın 31 mart-2 aprel tarixlərində Çinə planlaşdırılan səfərinə hazırlıq xarakteri daşıyır. Ekspertlər Si Cinpinin iqtisadi güzəştlər müqabilində Tayvan məsələsində sərt şərtlər irəli sürəcəyini proqnozlaşdırırlar.

Pekinin Rusiya və İranın ucuz neftindən imtina edib, daha baha olan ABŞ enerjisinə keçməsi iqtisadi baxımdan nə dərəcədə realdır? Bu danışıqlar uğurlu olarsa, Rusiya-Çin strateji tərəfdaşlığında ciddi çatların yaranması gözlənilirmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib: 
" Pekinin Rusiya və İranın ucuz neftindən imtina edərək ABŞ-dan daha baha enerji idxalına keçməsi iqtisadi baxımdan tam real görünmür. Çin dünyanın ən böyük enerji idxalçılarından biridir və onun əsas prioriteti enerji təhlükəsizliyi ilə yanaşı mümkün qədər ucuz və sabit tədarük əldə etməkdir. Rusiya və İran sanksiyalar səbəbindən nefti dünya bazar qiymətindən daha aşağı qiymətə satmağa məcbur qalırlar və bu da Çin üçün ciddi iqtisadi üstünlük yaradır. ABŞ-dan enerji almaq isə həm daha baha başa gəlir, həm də logistika və uzunmüddətli müqavilələr baxımından Pekin üçün eyni dərəcədə cəlbedici deyil. Buna görə də Çin maksimum halda enerji mənbələrini şaxələndirə və ABŞ-dan müəyyən həcmdə idxalı artıra bilər, lakin Rusiya və İran neftindən kəskin şəkildə imtina etməsi ehtimalı yoxdur. Amma indi gedən geosiyasi proseslər 3-5 ildən sonra dünyanın necə şəkillənəcəyini müəyyən edir. Görünür Çin strateqlərinin məsləhəti bundan ibarətdir ki, ABŞ-la munasibətləri yumşaltmaq lazımdır. Bunu  Donald Tramp da çox istəyir. Çünki Çin kifayət qədər nadir torpaq elementlərinə və elektromobil istehsalı zamanı enerji batareyaların hazırlanmasında vacib olan geniş lityum ehtiyatlarına malikdir. Tramp Çinin bu imkanlarından yararlanmaq istəyir. 
Bu cür danışıqların əsas məqsədi daha çox iqtisadi balans yaratmaq və ticarət münasibətlərində gərginliyi azaltmaqdır. ABŞ Çin bazarına "Boeing" təyyarələrinin satışı, kənd təsərrüfatı məhsullarının, xüsusilə soyanın ixracının artırılması və kritik minerallar üzrə məhdudiyyətlərin yumşaldılması kimi məsələlərdə irəliləyiş əldə etmək istəyir. Çin isə öz növbəsində ABŞ-la ticarət münasibətlərində müəyyən güzəştlər etsə belə, strateji baxımdan enerji və geosiyasi tərəfdaşlıqlarını qorumağa çalışacaq.
Əgər danışıqlar uğurlu olsa belə, bu, Rusiya-Çin strateji tərəfdaşlığında ciddi çatların yaranacağı anlamına gəlmir. Moskva və Pekin arasındakı əməkdaşlıq yalnız enerji sahəsinə deyil, həm də geosiyasi maraqlara, təhlükəsizlik məsələlərinə və Qərbə qarşı balans siyasətinə əsaslanır. Çin adətən belə vəziyyətlərdə çoxvektorlu siyasət yürüdür: bir tərəfdən ABŞ və Qərb bazarları ilə iqtisadi əlaqələri qoruyur, digər tərəfdən isə Rusiya kimi tərəfdaşlarla strateji əməkdaşlığı davam etdirir. Buna görə də ən real gözlənti Çinin həm ABŞ, həm də Rusiya ilə paralel iqtisadi münasibətləri davam etdirməsi və heç bir tərəfdən tam asılı vəziyyətə düşməməyə çalışmasıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31