İranın Azərbaycana qarşı siyasəti birmənalı deyil- ÖZƏL
14:11 Siyasət"Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq normalarına, mehriban qonşuluq, qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanır. Ölkəmiz qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrə böyük önəm verir. İran ətrafında baş verən proseslərlə bağlı dövlətimizin mövqeyi də bunun göstəricisidir. Lakin İranın Azərbaycana münasibətdə siyasəti heç də birmənalı deyil". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Regionda sabitliyin təmin olunması, münaqişələrin dinc yolla həlli dövlətimizin prinsipial mövqeyidir. Yaxın regionlarda, qonşu dövlətlərin ərazilərində baş verən hərbi toqquşmalar ciddi narahatlıq doğurur. Rəsmi Bakı tərəfləri maksimum təmkinli olmağa və problemləri danışıqlar yolu ilə həll etməyə çağırıb. Eyni zamanda, Azərbaycan öz ərazisindən heç kimin İrana qarşı fəaliyyəti üçün icazə verməyəcəyini bəyan edib. Çünki İran Azərbaycanın yaxın qonşusudur, bu ölkədə milyonlarla azərbaycanlı yaşayır. Belə olan halda, İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dron hücumu anlaşılan deyil və qəbulolunmazdır. Bu hücum beynəlxalq hüquq normaların zidd olmaqla yanaşı İran rejiminin riyakar mövqeyinin göstəricisidir. İran rejimi indiyədək dəfələrlə ölkəmizə qarşı təxribatlar edib, təhdidlər səsləndirib. Xüsusilə, dövlətimiz öz ərazi bütövlüyünü bərpa etdikdən sonra təhdidlər daha çox artdı. Lakin molla rejimi Azərbaycan dövlətinin və onun Liderinin qətiyyəti qarşısında geri çəkilməyə məcbur olmuşdu".