Hüquq və süni intellekt: texnologiyanın sərhədləri və insan ləyaqəti
6 Mart 21:40 SiyasətTexnologiyanın inkişafı tarix boyu insanları daim sınaq qarşısında qoyub. Hər yeni ixtira yalnız həyat tərzimizi deyil, düşüncə sistemimizi də dəyişməyə məcbur edib. Bu gün isə bəşəriyyət daha mürəkkəb bir mərhələyə qədəm qoyub. Süni intellekt artıq yalnız texnologiya deyil, həyatımızın görünməz iştirakçısına çevrilib. Məncə, biz onunla hər gün qarşılaşırıq, amma bəzən fərqinə varmırıq. Telefonlarımızda olan sosial şəbəkələrdə qarşımıza çıxan məzmunlar, avtomatik tərcümələr, tibbi və iqtisadi məlumatlar-bunların arxasında alqoritmlər dayanır. Düşünürəm ki, süni intellekt düşünmür, amma analiz edir. Hiss etmir, amma proqnoz çıxarır, insan deyil, amma insan davranışlarını çox dəqiq oxuya bilir. Həyatımızdakı rolu sürətlə artır. Təhsildə fərdi öyrənmə imkanlarını genişləndirir, səhiyyədə erkən diaqnostikanı sürətləndirir, iqtisadi, biznes və digər sahələrdə böyük imkanlar yaradır. Süni intellekt vizual və audio materiallar hazırlayır, kreativ ideyaları gerçəkləşdirir. Bütün bu imkanlar insan potensialını tamamlayan güclü alət rolundadır. Amma hər güclü alət kimi, onun da riskləri var. Düşünürəm ki, ən həssas məsələ şəxsi həyatın qorunmasıdır. Sosial şəbəkələrdə insanların icazəsi olmadan şəkillərinin, videolarının və digər vizual məlumatlarının süni intellekt vasitəsilə istifadə olunması artıq yalnız mənəvi deyil, həm də hüquqi məsuliyyət yaradan haldır. Azərbaycanda belə hallarda hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyəti tətbiq olunur və məsul şəxslər cəzalandırılır.
Rəqəmsal mühit artıq real həyatın davamıdır və burada baş verən müdaxilələr həm mənəvi, həm də hüquqi nəticələr doğura bilər. Əgər bir şəxsin icazəsi olmadan görüntüsü və ya məlumatı dəyişdirilir, yayılır və ya başqa kontekstdə istifadə olunursa, bu artıq hüquqi məsuliyyət tələb edən hərəkətdir. Düşünürəm ki, bu proses həm texnologiyanın sərhədlərini, həm də hüququn reaksiyasını sınağa çəkir.
Süni intellekt nə mütləq təhlükədir, nə də qüsursuz yenilik. O, insanın yaratdığı alətdir və onun təsiri yalnız onu idarə edən insanların dəyərləri və hüquqi çərçivə ilə müəyyən olunur. Düşünürəm ki, əgər biz süni intellekti etik və hüquqi sərhədlər daxilində idarə edə bilsək, o zaman bu texnologiya insan ləyaqətini qoruyan, yaradıcı imkanları genişləndirən və həyat keyfiyyətini artıran güclü vasitəyə çevriləcək.
Maraqlıdır ki, sosial şəbəkələrdə şəkillərin icazəsiz istifadəsinin qarşısını texniki baxımdan necə almaq mümkündür? Süni intellektlə yaradılan saxta kontent (deepfake və s.) necə aşkarlanır? Mövzu ilə bağlı İnformasiya texnologiyaları üzrə ekspert Fərid Kazımov Olaylar.az-a açıqlama verib:
"Ümumiyyətlə, hər hansı məlumatların, şəxsi məlumatların, fotoların digər tərəflər tərəfindən istifadə olunması üçün icazə tələb olunur. Bu, dünya səviyyəsində tətbiq olunur. Məsələn, sosial şəbəkələrdə şəxsi məlumatlarımızın istifadəsinə icazə verərkən həmin sosial şəbəkələrə biz imza atırıq. Amma digər şəxslərin yalnız istifadə etməsi deyil, həmçinin müəyyən mənada şantaj xarakterli hərəkətlər etməsi, yaxud dəyişiklik edərək onun imicinə zərər vurması, əlbəttə ki, böyük qanun pozuntusudur.
Başa düşməliyik ki, artıq süni intellekt erası gəlir və burada da qanunların sərtləşməsi məsələsi gündəmdədir. Çünki hazırda istənilən şəxs haqqında istənilən videonu və fotonu düzəltmək mümkündür və elə bir şey yaratmaq olar ki, heç kim başa düşməz ki, bu, süni intellekt tərəfindən yaradılmış materialdır, yoxsa realdır. Bunu yalnız mütəxəssislər ayırd edə bilər. Bu baxımdan qlobal məkanda da bu aktual məsələdir və əlbəttə, qlobal səviyyədə həll olunmalıdır. Ölkə səviyyəsində baxsaq, aidiyyəti orqanlarımız aktiv fəaliyyət göstərir və problemlər baş verərsə, onların həlli üçün müəyyən addımlar görülür. Məsələn, mətbuatda görürük ki, offline qanun pozuntuları ilə yanaşı, online qanun pozuntularına dair məlumatlar da yayımlanır. Onların qarşısının alınması, eləcə də həmin şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbərlər işıqlandırılır. Bu o deməkdir ki, Azərbaycanda da bu məsələ gündəmdə saxlanılır. Biz bu sahədə müəyyən rahatlıq hiss edə bilərik, amma reallıq başqadır və buna görə də məsələ tam şəkildə əksini tapmalıdır".
Beləliklə, süni intellekt yalnız texnologiyanın bir yeniliyi deyil, həm də hüquqi, etik və sosial düşüncələrimizi yenidən nəzərdən keçirməyə vadar edir. Hər gün qarşılaşdığımız alqoritmik sistemlər həyatımızın müxtəlif sahələrinə nüfuz edir və bizim davranışlarımızı, seçimlərimizi, hətta düşüncə tərzimizi analiz edir. Amma unutmamalıyıq ki, süni intellekt insan deyil. O hiss etmir, insanlıq dəyərlərinə sahib deyil, yalnız proqramlaşdırıldığı çərçivədə işləyir. Bu səbəbdən, onun yaratdığı hər bir nəticə, istər vizual material, istər mətn, istərsə də davranış proqnozu yalnız onu idarə edən insanların etik prinsipləri və hüquqi sərhədlər daxilində mənalı və təhlükəsiz ola bilər. Bu gün Azərbaycanda və dünya miqyasında süni intellekt vasitəsilə icazəsiz məlumat istifadəsi artıq həm mənəvi, həm də hüquqi məsuliyyət yaradan məsələ kimi tanınır. Qanunvericilik və hüquq-mühafizə orqanlarının fəaliyyəti, həmçinin texnoloji həllər, bu yeni reallığın idarə olunmasında mühüm rol oynayır. Deepfake və digər saxta kontentlərin aşkarlanması texnologiyaları, məlumatların şifrələnməsi və icazə əsaslı paylaşım sistemləri, yalnız hüquqi çərçivəni təmin etmir, həm də fərdin şəxsi həyatına hörməti qoruyur.
Düşünürəm ki, süni intellektin gələcəyi yalnız onun istifadəsinin necə tənzimlənəcəyindən asılıdır. Əgər biz onu etik və hüquqi sərhədlər daxilində idarə edə bilsək, bu alət insan yaradıcılığını tamamlayan, həyat keyfiyyətini yüksəldən, həmçinin fərdi hüquq və ləyaqəti qoruyan güclü vasitəyə çevriləcək. Lakin unutmamalıyıq ki, sərhədlərin pozulması yalnız texnoloji deyil, həm də sosial və hüquqi sarsıntılar yarada bilər. Bu baxımdan, hər birimiz-istifadəçi, ekspert, qanunverici və cəmiyyət olaraq süni intellektin gətirdiyi imkanları ağılla, məsuliyyətlə və dəyərlər çərçivəsində idarə etməliyik. Yalnız bu yolla texnologiya insanın xidmətçisi ola, onun yaradıcı potensialını genişləndirə və həyatın bütün sahələrində müsbət dəyişikliklərə yol aça bilər.
Zeynəb Mustafazadə