Paraflaşmış sülh amma hərbi müqavilələr artır: Regiоnal narahatlıq yüksəlirmi? - ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin silah tədarükü imkanları artıb.  Ermənistan 2022-2023-cü illərdə Hindistan və Fransa ilə milyardlarla dollar dəyərində hərbi müqavilələr bağlayıb, Rusiya ilə isə sonuncu müdafiə sazişini 2021-ci ildə imzalayıb və o tam icra olunmayıb. Halbuki Ermənistan Azərbaycanla sülh sazişinə yaxınlaşıb, Türkiyə ilə də normallaşma prosesi gedir. 

Ermənistan bölgədə genişmiqyaslı müharibə riski olmadığını deyərkən nəyə görə silah arsenalını bu qədər sürətlə artırır? Bu hərbi müqavilələr Ermənistanın xarici siyasət kursunda hansı yeni istiqamətləri göstərir?
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib: 
"Bölgə reallığına, bölgəmizin gələcəyinə münasibətdə Ermənistan daxilində ikili yanaşma var .  Bir yandan Nikol Paşinyan öz partiyası ilə bərabər, digər qruplarla da sülh ətrafında hərəkətlərini genişləndirir və bildirir ki, artıq yeni bir era başlayır, bu era sülhlə bağlıdır, biz Azərbaycanla vuruşmaq niyyətində deyilik. İstəklərimiz ondan ibarətdir ki, sülh bərqərar olsun və biz inkişaf layihələri üzərində işləyək. Digər tərəfdən isə, Ermənistanda  militarist ruhlu qüvvələr və çalışırlar ki, həqiqətən də problemlərin sayını artsınlar. Amma paradoks bu deyil. Məsələ ondadır ki, bölgədən kənar qüvvələr də var ki, onlar da Qafqaz regionu üçün eskalasiyanı sifariş edirlər və bu proseslərdən öz dividendlərini götürmək istəyirlər. Bu, çox təhlükəli məqamdır. O ki qaldı Nikol Paşinyanın sözlərinə - silah tədarükü üçün imkanlar artıb. Bəli, elə bununla bağlıdır ki, o tədarük imkanları da xaricdən qaynaqlanır: Fransa, Hindistan, Rusiyanın bəzi qüvvələri və başqa ölkələr var. İndiki şəraitdə  ümumi qlobal vəziyyət gərgindir və biz görürük ki, artıq bir neçə bölgədə müharibə qoxusu gəlir. Bu, təkcə yaxın şəhər Ukrayna deyil - bu, Fars körfəzidir, digər tərəfdən Venesuela ətrafında vəziyyət gərginləşir və s. Yəni, bunların hamısı ayrı-ayrılıqda ümumi mənzərəni həm bir qədər gərgin göstərir, digər tərəfdən də orada-burada yerləşdirilən xırda-xırda münaqişə ocaqları bir gün məsələyə böyük bir müharibə çevrilə bilər. Ona görə də indiki əsas məsələlərdən biri ondan ibarətdir ki, Nikol Paşinyan bu məsələyə adekvat yanaşma göstərsin - gələcəkdə bütün imkanlarla çalışsın ki, riskləri bu bölgədən uzaqlaşdırsın, çağırışlara adekvat cavab verə bilsin. Azərbaycan bu işdə ona dəstək ola bilər və olur da. Biz görürük ki, Ermənistanda bəzi qruplar müəyyən meyllərə malikdirlər, onların öz baxışları, yanaşmaları və işləri var.
Amma bu hələ kifayət deyil. Çünki proseslərin idarə olunması siyasi rəhbərlikdən gəlir. Ona görə də Paşinyan indiki şəraitdə boşluqların yaranmasına imkan verməsin. Nə olsun ki, indi silah almaq üçün imkanları artıb? Bəli, biz Qarabağ məsələsini həll etmişik. Mən deyərdim ki, uzun müddət bu münaqişə hərbi-siyasi münaqişə sayılırdı - yəni Azərbaycan və Ermənistan arasında. İndi isə onun hərbi tərəfini biz həll etdikdən sonra siyasi tərəfi qalır və bu siyasi tərəfi də asanlıqla həll etmək olmaz. Ermənistan çalışsın ki, bu proseslərdə verdiyi sözlərə, götürdüyü öhdəliklərə əməl etsin. İndi Vaşinqtonda paraflanmış sənəd var. Biz görürük, indi Prezident İlham Əliyev deyir ki, Donald Tramp Qafqaz bölgəsinin sülhünün memarı kimi çıxış edir və bu çox gözəl məqamdır, gözəl bir yanaşmadır. Çünki burada bizim də memarımız Prezident İlham Əliyevdir. İki dövlət xadimi, siyasi liderin qətiyyətli yanaşması nəticəsində Ermənistan geri qalmasın və əks istiqamətdə hərəkət etməsin.
Nə olsun ki, indi onların silah tədarüklərinə imkanlar yaranır? O silahlar artıq hücum əməliyyatları üçün deyil. Çünki kimlə vuruşa bilər Ermənistan? Ətrafında hansı ölkələr var? Türkiyə, Gürcüstan, Rusiya, hətta İran. Qalır Azərbaycan - yəni əgər onlar yenə də silah tədarükü görürlərsə, hazırlaşmaları aparırlarsa, deməli, bunların hamısı Azərbaycana qarşı nəzərdə tutulur.
Silah bazarından bir qədər uzaqlaşmalıdır Ermənistan. Çünki birincisi, nə qədər o arsenallarını gücləndirsələr də, Azərbaycana tay ola bilməyəcəklər. Azərbaycan həddən artıq güclüdür. Sonra bizim 300 milyon dollar civarında artıq hərbi xərclərimizə əlavələr edilib. Bu da Prezident İlham Əliyevin yanaşmasından irəli gələn məsələdir, çünki o həmişə deyir ki, biz güclü olmalıyıq.
Çünki bizə təcavüz olunub. Bizim 20% torpaqlarımız işğal edilmişdi. İndi də biz onun acısını yaşayacağıq. Çünki həmin torpaqları qaytarmaq, onları bərpa etmək üçün nə qədər imkanlar sərf edirik, nə qədər vəsait xərcləyirik. Ona görə də mən başa düşürəm ki, Azərbaycanın bunu etməyə haqqı var, amma Ermənistanın yox. Çünki Ermənistan bütün dünyaya iddia edir ki, guya Azərbaycanın hansısa kiçik hissəsini işğal edib. Amma siz 30 ildən artıq Azərbaycanın torpaqlarının 20%-ini işğal etmisiniz - bizim o qədər səbirimiz olub. İndi siz yalandan böyük hay-küy qaldırırsınız ki, sizi sıxırlar, döyürlər, əzilirlər və s. Odur ki, faktiki olaraq indi Ermənistanın siyasi rəhbəri yenə də boşluqlara yer verməsin. Çünki o, daha çox qarşıdan gələn parlament seçkiləri ilə məşğuldur. Öz işlərini elə qursun ki, bölgədə birincisi Azərbaycanla dialoq normal səviyyədə davam etsin. Digər tərəfdən paraflanmış sənəd reallaşa doğru getsin və nəhayət Azərbaycanın irəli sürdüyü tələb yerinə yetirilsin. Bu, ilk növbədə konstitusiya dəyişikliklərinin edilməsi tələbidir. Odur ki, silah və sürsatın əldə olunması Ermənistan üçün çıxış yolu deyil. Əksinə, bu böyük risklər vəd edir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31